Bakı. Ənvər Məmmədov -Trend:
Azərbaycanda Prezident yanında məzənnə siyasəti və qiymət dəyişməsi dinamakasına görə cavabdeh olan Valyuta Şurası yaratmaq lazımdır. Bunu Trend-ə iqtisad elmləri doktoru, iqtisadi ekspert, professor Zahid Məmmədov deyib.
Onun sözlərinə görə, İqtisadiyyat və Sənaye, Maliyyə nazirliklərinin, Azərbaycan Mərkəzi Bankının nümayəndələri və sahibkarlar Valyuta Şurasına daxil olmalıdırlar: "Bu rəsmi orqan (Valyuta Şurası) ölkədə valyuta məzənnəsi ilə bağlı mütəmadi bəyanatlar verməli, məzənnə dəyişkənliyini əsaslandırmalı, valyutanı harada saxlamaq, onu hansı sahələrə qoymaq və cəlb etməklə bağlı tövsiyə və təkliflərini verməlidir".
Ekspert qeyd edib ki, Azərbaycanda istənilən şəxs hazlırda dolların məzənnəsi ilə maraqlanır: "Bununla belə, möhtəkirlər məzənnənin istənilən dəyişikliyindən faydalanmağa çalışırlar və bu mənfi hallar valyutaya tələbatı kəskin artırır, onu bahalaşdırır. Bəzi sahibkarlar isə məqamdan istifadə edərək məhsullarının qiymətini artırırlar. Süni qiymət artımı hesabına bu varlanma cəhdlərinin qarşısını almaq lazımdır".
Z.Məmmədov hesab edir ki, ölkə valyuta gəlirlərini əcnəbi tələbələrin hesabına artıra bilər: "Biz xarici ölkələrdən tələbələri cəlb etməliyik və Azərbaycanın bunun üçün bütün imkanları var. Biz onlarda hazırda tələbatın olduğu rus dilində təhsil imkanları təqdim edə bilərik. Azərbaycan, həmçinin ingilis dilində keyfiyyətli təhsil verə bilər".
Ekspert əlavə edib ki, xarici tələbələrin cəlb edilməsi təkcə təhsil sahəsinə deyil, həm də ümumilikdə ölkə iqtisadiyyyatına təsir edəcək: "Təhsil üçün ölkəyə gələn insan təqribən 40 digər sahənin inkişafı üçün şərait yaradır".