...

Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2016 12:09 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi qəbul edib.

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradıb. İndiyədək ölkələr arasında 30-dan çox sənəd imzalanıb, Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5 iclası keçirilib, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb. Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə toxunan nazir Şahin Mustafayev kənd təsərrüfatı, turizm, alternativ enerji, humanitar, təhsil və s. sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Azərbaycan və BƏƏ arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, münaqişə ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə həmçinin, bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti