Bakı. Trend:
İqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniyaya səfəri zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və AYİB arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi, hazırkı iqtisadi şəraitdə ölkənin iqtisadi siyasətindəki prioritetlərə dair müzakirələr aparılıb.
Azərbaycanın AYİB-lə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən Ş.Mustafayev ölkəmizlə bank arasındakı səmərəli əməkdaşlığın çoxşaxəli olduğunu vurğulayıb. Bildirilib ki, bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir. İndiyədək AYİB tərəfindən Azərbaycana 161 layihə çərçivəsində 2,8 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. AYİB özəl sektorda 151 layihəni maliyyələşdirilib.
Ş.Mustafayev bankın Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrinə investisiya yatırılması, aqroparkların təşkilinə dəstək göstərilməsi, kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlıq və s. sahələrdə əlaqələrin genişlədirilməsini, 2017-2020-ci illər üçün makroiqtisadi çərçivənin hazırlanmasında əməkdaşlıq təklif edib.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti S.Çakrabarti bankın ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərildiyini qeyd edib, əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini vurğulayıb, Azərbaycan tərəfinin təkliflərinin reallaşdırılması imkanlarına baxılacağını bildirib.