...

Müflis olmuş bankların əmanətçilərnə 141 milyon manatdan çox vəsait ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2016 16:01 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Trend-in Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən verdiyi məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 23,869 min manat kompensasiya ödənilib.

30 iyul 2007-ci ildən Fonda üzv olan "Gəncəbank" ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

"Gəncəbank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 871 min manat kompensasiya ödənilib.

Ərizə formalarını "Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin qorunan əmanətçiləri ADIF-in Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna isə 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 116 milyon 535 min manatdan artıq kompensasiya ödənilib.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" ASC, "Rabitəbank" ASC, "Unibank" ASC və "Kapitalbank" ASC seçilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti