...

Azərbaycan bankları nağd xarici valyuta satışını kəskin azaldıblar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2016 12:21 (UTC +04:00)
2016-cı ilin yanvar-mart aylarında banklar tərəfindən ABŞ dolları ilə satılan xalis nağd valyuta ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 milyon ABŞ dolları, avro ilə əməliyyatlar isə 3,5 dəfə azalaraq 69 milyon avro təşkil edib.
Azərbaycan bankları nağd xarici valyuta satışını kəskin azaldıblar (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin yanvar-mart aylarında banklar tərəfindən ABŞ dolları ilə satılan xalis nağd valyuta ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 milyon ABŞ dolları, avro ilə əməliyyatlar isə 3,5 dəfə azalaraq 69 milyon avro təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalında deyilir.

İcmalda qeyd olunur ki, nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində banklar tərəfindən gətirilən nağd ABŞ dolları ötən ilin müvafiq dövrünə nəzərən 6,2 dəfə azalıb. Bu ilin yanvar-mart aylarında valyuta bazarında əməliyyatların 82%-i ABŞ dollarında, 18%-i isə digər valyutalarda aparılıb.

2016-cı ilin I rübü ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Belə ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,7 dəfə azalıb.

İcmalda bildirilir ki, hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Xarici valyutaya tələbin azalmasının əsas amillərindən biri mal və xidmət idxalının azalması olub. Bundan başqa, ötən dövr ərzində müşahidə olunan dollarlaşma prosesinin səngiməsi də xarici valyutaya tələbin azalmasında rol oynayıb.

Qeyd olunur ki, valyuta təklifinin aşağı düşməsi əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən (ARDNF) valyuta satışlarının azalması ilə əlaqədar olub: "Belə ki, ARDNF-nin xarici valyuta satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% azalıb. Digər mənbələrdən də (xaricdən pul baratları, ixrac və s.) xarici valyuta təklifinin azalması cari ilin I rübündə davam edib. ARDNF-nin valyuta bazarında satışları da Mərkəzi Bank vasitəsilə hərraclar çərçivəsində həyata keçirilib".

I rüb ərzində ümumilikdə 33 hərrac keçirilib. Tələb 12 hərracda təklifi üstələdiyi halda 21 hərracda tam qarşılanıb. Hərraclarda orta günlük tələb 132 mln. ABŞ dolları, təklif isə 148 mln. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın təşkil etdiyi valyuta hərracları çərçivəsində ARDNF-nin xarici valyuta satışları ümumilikdə 1253 mln. ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti