...

Azərbaycanda vergi yoxlamaları dəfələrlə azalıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 11:45 (UTC +04:00)
2016-cı ilin yanvar-aprel aylarında ötən ilin analoji dövrü ilə müqayiəsəd Azərbaycanda səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral yoxlamalar 2,5 dəfə, operativ nəzarət tədbirləri isə 13 dəfə azalıb.
Azərbaycanda vergi yoxlamaları dəfələrlə azalıb (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət (əmək müqavilələrinin bağlanması, aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması) istisna olmaqla əksər operativ nəzarət tədbirlərini dayandırıb. Trend-in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən ilin 4 ayına nisbətən cari ilin müvafiq dövründə səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral vergi yoxlamaları təxminən 2,5 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 13 dəfə azaldılıb.

S.Ələkbərov qeyd edib ki, cari ilin əvvəllərində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib: "Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergiödəyicilərdən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. 2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 104,8 faiz əməl edilib".

Bununla yanaşı, nəzarət tədbirlərinin sayının azaldılmasından sui-istifadə edərək biznes subyektlərinin uçot-hesabat işlərində qeyri-şəffaflığa, dövriyyənin gizlədilməsinə, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə, saxta aksizli əmtəələrin satışının təşkili və s. kimi qanun pozuntularına yol verilməsi hallarının sayının hələ çox olduğunu diqqətə çatdıran S.Ələkbərov cari ilin ötən dövrü ərzində keçirilmiş xronometraj müşahidələr nəticəsində, habelə məsafədən məlumat ötürmə qurğuları quraşdırılmış bir sıra iri ticarət obyektlərində ticarət dövriyyəsinin dəfələrlə, hətta bəzən 10 dəfədən çox azaldılmasının aşkar edildiyini bildirib.

O, belə vergiödəyicilərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlərin görüldüyünü, həmin tədbirlərin bundan sonra da davam etdiriləcəyini və vergi qanunvericiliynə əməl etməyənlərə qarşı daha sərt tədbirlər görüləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti