...

İlham Əliyev: Cənub qaz dəhlizinin icrası bizə Azərbaycan qazının dünya bazarlarına çıxarılmasına imkan verəcək (ƏLAVƏ OLUNUB 4)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2016 10:54 (UTC +04:00)
Bu gün Şah Dəniz qaz yatağı dünya miqyasında ən böyük qaz yataqlarından biridir və artıq Şah Dənizdən çıxarılan qaz regional bazarlara çıxarılır.
İlham Əliyev: Cənub qaz dəhlizinin icrası bizə Azərbaycan qazının dünya bazarlarına çıxarılmasına imkan verəcək  (ƏLAVƏ OLUNUB 4)

Bakı. Trend:

Bu gün Şah Dəniz qaz yatağı dünya miqyasında ən böyük qaz yataqlarından biridir və artıq Şah Dənizdən çıxarılan qaz regional bazarlara çıxarılır. Cənub qaz dəhlizinin icrası bizə imkan verəcək ki, həm Şah Dəniz qazı, həm digər yataqlardan çıxarılacaq Azərbaycan qazı dünya bazarlarına çıxarılsın və beləliklə biz həm neft, həm qaz proqramlarımızı tam şəkildə icra edək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.

İlham Əliyev qeyd edib: "Təbii ki, bu gün Cənub qaz dəhlizi haqqında danışarkən biz 90-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik. Çünki əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, onda əlbəttə ki, bu dəhliz də yaranmazdı. Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. Həmən dəhliz üzərindən indi Azərbaycan qazı dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir və bu dəhliz hal-hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz nefdən əldə edilən gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək çox ciddi nəqliyyat bağlantıları əldə etmişik və Şərq-Qərb nəqliyyat dəhlizi bu gün reallaşır və əminəm ki, bu ilin sonuna qədər tam istifadəyə veriləcək və beləliklə neft, qaz, nəqliyat dəhlizləri Azərbaycan üzərindən keçəcək".

Dövlət başçısı bildirib ki, bu arada biz elektrik enerjisinin ixracı ilə də bağlı lazımi addımlar atmışıq və bu gün Azərbaycan elektrik enerjisi də ixrac edir: "Yəni bizim coğrafi vəziyyətimiz, qoyulan sərmayə və düşünülmüş siyasət, tərəfdaşlarla apardığımız birgə fəaliyyət bax bu reallıqları yaradıb. Bu reallıqlar həm Azərbaycan dövlətinə, xalqına xidmət edir, həm qonşu dövlətlərin maraqlarını təmin edir və geniş coğrafiya baxımından beynəlxalq əməkdaşlığı gücləndirir. Beynəlxalq əməkdaşlıq olmadan əlbəttə ki, biz heç bir layihəni icra edə bilmərik. Çünki Azərbaycanın açıq dənizlərə, dünya bazarlarına çıxışı yoxdur. Məhz buna görə böyük vəsait neft və qaz kəmərlərinin tikintisinə yönəldilir. Və beynəlxalq əməkdaşlığın da təşəbbüskarı biz olmuşuq. Bu da təbiidir. Çünki bu bizə lazımdır".

Prezident İlham Əliyev sonra qeyd edib: "Bizə lazım idi ki, neft qaz kəmərləri tikilsin ki, bu resurslar dünya bazarlarına çıxsın. Tranzit ölkələr, istehlakçı ölkələr də böyük maraq göstərirlər. Onlar da əlbəttə ki, bu layihələrdən bəhrələnirlər. Tranzit ölkələr on illiklər bundan sonra böyük mənfəət götürəcəklər. İstehlaçkı ölkələr əlavə, alternativ qaz mənbələrinə çıxışı əldə edəcəklər. Yəni burada bütün tərəflər ancaq qazanır. Əlbəttə, bu beynəlxalq əməkdaşlığı formalaşdırmaq üçün ilk növbədə Azərbaycan öz səylərini göstərməliydi və göstərdi. Əgər 90-ci illərin ortalarında üçtərəfli format yaranırdısa - Azərbaycan, Gürcüstan, Türkiyə, bu gün bu format genişlənir və Cənub qaz dəhlizinin üzv ölkələri müxtəlif qurumları təmsil edirlər. Yenə də Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa İttifaqına üzv olan ölkələr - Bolqarıstan, Yunanıstan, İtaliya, Albaniya, 7 ölkə artıq Cənub qaz dəhlizinin üzvləridir. Balkan ölkələri də bu layihəyə maraq göstərirlər. Bəzi Balkan ölkələri ilə artıq memorandumlar da imzalanıb ki, gələcəkdə biz Cənub qaz dəhlizinin qollarını açaq".

Dövlət başçısı vurğulayıb ki, indi əsas xətt Bakıdan İtaliya sahillərinə qədər uzanan bir xətdir: "Ancaq bu xətdən kənara çıxan qollar da olmalıdır, bu məsələlər üzərində də biz işləyirik. Bizim kifayət qədər qaz resurslarımız var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2.6 trilyon kubmetrə bərabərdir. Hazırda Abşeron, Ümid yataqlarının işlənməsi ilə bağlı hazırlıq işləri aparılır. Əminəm ki, bu layihələr də uğurla nəticələnəcək və beləliklə, Azərbaycanın qaz hasilatı daha da artacaq. Azəri-Çıraq-Günəşli yatağının dərin laylarında böyük qaz yataqları var. Biz onların da hasilatı ilə bağlı ciddi addımlar atırıq. Yəni onu demək istəyirəm ki, biz öz fəaliyyətimizi Cənub qaz dəhlizinin mövcud olan formatı ilə məhdudlaşdırmaq istəmirik. Biz istəyirik ki, daha da geniş çoğrafiyaya çıxaq. Buna nail olmaq üçün qaz resursları var və artıq beynəlxalq əməkdaşlıq formatı da yaranıb".

İlham Əliyev sonra bildirib: "Siz yaxşı bilirsiniz ki, artıq ikinci dəfədir ki, bu ilin fevralında Bakıda Cənub qaz dəhlizinin Məşvərət Şurası keçirilib, bütün üzv ölkələrin nümayəndələri yüksək səviyyədə təmsil olunub: "Avropa Komissiyasının iki vitse-prezidenti, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri iştirak ediblər və yekun bəyannaməyə imza atıblar. Bu bəyannamədə Azərbaycanın Cənub qaz dəhlizi layihəsinin icrasında liderlik rolu qeyd edilib. Əlbəttə, bu bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Məşvərət Şurasının yaradılması da məhz bizim təşəbbüsümüz idi və mən şadam ki, Avropa Komissiyası da bu təşəbbüsə öz dəstəyini göstərdi. Beləliklə, biz artıq çox ciddi koordinasiya format çərçivəsində işləyirik və şadam ki, biz bütün hədəflərə çatırıq. Yadımdadır, keçən il bu sərginin açılışında iştirak edərkən qeyd etmişdim ki, 2015-ci ildə TANAP layihəsinin təməli qoyuldu, bu gün məmnunluq hissi ilə qeyd etməliyəm ki, keçən ay iki həftə bundan əvvəl TAP layihəsinin təməli qoyuldu. Yəni biz ardıcıllıqla öz hədəflərimizə çatmaq üçün qabağa gedirik və bütün hədəflərə çatırıq".

Prezident qeyd edib ki, əgər gördüyümüz işlərin xronologiyasına baxsaq görərik ki, biz çox böyük ardıcıllıqla, məqsədyönlü, planlı şəkildə öz hədəflərimizə çatmaq üçün irəliləyirik: "1994-cü ildə "Əsrin Kontraktı"nın imzalanması, 1996-cı ildə Şah Dəniz layihəsinin kontraktının imzalanması, 1997-ci ildə Çıraq yatağından ilk neftin çıxarılması, 1999-cu ildə Bakı-Supsa neft kəmərinin tikilməsi bizi Qara dəniz limanları ilə birləşdirdi. 2003-cü il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlqoyma mərasimi, 2006-2007-ci il Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi, 2012-ci il Türkiyə ilə Azərbaycan arasında TANAP lahiyəsinin imzalanması, ondan sonra 2014-cü ildə Cənub qaz dəhlizinin təməl daşının qoyulması, 2015-ci ildə TANAP-ın təməlinin qoyulması və nəhayət, 2016-cı ildə TAP layihəsinin təməlqoyma mərasimi. Bax bu da xronologiya. Yəni bugünki vəziyyət öz-özünə yaranmır. Bugünki əldə edilmiş uğurlar göydən düşmür, bu, gərgin, məqsədyönlü iş nəticəsində mümkün olub və bir də demək istəyirəm ki, ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində biz bu nailiyyətlərə çata bilərdik. Bu gün vəziyyət ondan ibarətdir ki, Cənub qaz dəhlizinin icrası qrafik üzrə gedir, hal-hazırda bizim qarşımızda enerji sahəsində duran əsas vəzifə Cənub qaz dəhlizinin icrasıdır. Əminəm ki, qrafik üzrə bu proses gedəcək. Cənub qaz dəhlizinin bütün dörd seqmentində də, Şah Dəniz, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələrində işlər gedir və əminəm ki, vaxtlı-vaxtında icra ediləcək. Cənub qaz dəhlizi iqtisadi layihədir, eyni zamanda təhlükəsizlik layihəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti