Bakı. Azad Həsənli - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar biznesin xeyrinədir.
Bunu Trend-ə dövlət başçısının qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxşını şərh edən METAK şirkətinin icraçı direktoru Aydın Kərimov deyib.
Onun sözlərinə görə, bu islahatlar biznesin inkişafında çox böyük rol oynayır: “Məsələn, biz Bakı Fond Birjasının iştirakçısı olmuşuq və qiymətli kağızların buraxılışına hazırlaşırıq. İki il əvvəl biz bunu ancaq arzulaya bilərdik, amma bütün bu islahatlar ona gətirib çıxardı ki, şirkətlər öz səhmlərini sata və ya istiqrazlar buraxa bilir və bu yolla da yeni investisiyalar cəlb edir”.
Şirkət rəhbərinin sözlərinə görə, bu məsələ vacibdir, çünki şirkətlərə yalnız banklarla işləmək çətindir: “Banklar vasitəsilə kreditləşməni investisiya adlandırmaq olmaz. Bank kreditlər verir, amma əvəzində girov tələb edir. Əgər girovun yoxdursa, yeni layihələr necə yaratmaq olar? Ona görə də bütün bu yeniliklər müsbət haldır və hətta böhran müddətində planları həyata keçirməyə imkan verir. Üç zavodu inkişaf etdirməkdə olan şirkətimiz bunun bariz nümunəsidir”.
Qeyd edək ki, METAK şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Bugünkü gün şirkət yerli və xarici istehlakçılara 250 növdən çox məhsul, o cümlədən borular və polipropilen fitinqlər, şüşə-liflə örtülmüş borular və metal-plastik fitinqlər təqdim edir.