...

DSMF-nin gəlirləri 260 milyon manat artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2017 11:36 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarısında təqribən 260 milyon manat artıb.
DSMF-nin gəlirləri 260 milyon manat artıb

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarısında təqribən 260 milyon manat artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarısına dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov 2017-ci ildə ölkədə davam edən sosial-iqtisadi inkişaf proseslərinin DSMF-nin gəlir və xərclərinin icrası sahəsində göstəricilərdə də öz əksini tapdığını, xüsusən uğurlu iqtisadi şaxələndirmənin sosial sığorta daxilolmalarına əhəmiyyətli təsirini diqqətə çatdırıb:

“Bu ilin 6 ayında Fondun gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 259,4 mln. manat və ya 16,6 faiz artaraq 1822,5 mln. manata yüksəlməsi, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 16,7 faiz və ya 105,3 mln. manat artaraq 1005,7 mln. manat təşkil etməsi və proqnoza 101,7 faiz əməl olunması bunun əyani təsdiqidir. Müsbət haldır ki, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edir və sosial sığorta haqlarının 62,9 faizi və ya 632 mln. manatı qeyri-büdcə sektorundan daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 9,8 faiz və ya 56,2 mln. manat çox olmaqla, rüblük proqnozun 105 faiz icra edildiyini göstərir”.

Cari ilin 6 ayında Fondun xərclərinin 1708,1 mln. manat təşkil etdiyini bildirən nazir qeyd edib ki, bu vəsaitin 1672,40 mln. manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib:

“Əmək pensiyaları ilə bağlı xərclər 1626,6 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin məbləği isə 45,8 mln. manat olub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan verib”.

Nazir fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayının da artmaqda davam etdiyini diqqətə çatdırıb: “Bu sistemdə qeydiyyata alınan sığortaolunanların sayı cari ilin əvvəlinə nisbətən 124770 nəfər və ya 3,7 faiz artaraq 2017-cı il 1 iyul tarixə 3 496 678 nəfərə çatıb. Onlardan 59,5 faizi kişilər, 40,5 faizi qadınlardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti