...

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində xarici audit keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2017 15:04 (UTC +04:00)
“Amerika Gəmiçilik Bürosu” (ABS) hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də xarici audit aparır.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində xarici audit keçirilir

Bakı. Maksim Tsurkov - Trend:

Beynəlxalq nüfuza malik təsnifat və sertifikatlaşdırma qurumu “Amerika Gəmiçilik Bürosu” (ABS) hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də xarici audit aparır.

QSC-dən Trend-ə verilən məlumata görə, audit 2015-ci ildən Gəmiçilikdə tətbiq edilib işləyən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS) hazırkı səviyyəsinin İSO 9001 (Keyfiyyət Menecmenti), İSO 14001 (Ekoloji Menecment), İSO 50001 (Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğunluğuna dair alınmış sertifikatlara müvafiqliyini müəyyənləşdirmək üçün aparılır.

İlk iki gün Dəniz Nəqliyyat Donanmasının gəmilərində audit həyata keçirilib. Növbəti günlərdə isə Cəmiyyətin aparatının ayrı-ayrı struktur bölmələri də audit olunacaq.

Xarici audit zamanı Cəmiyyətin aparatındakı bölmələrdə və gəmilərdə işin təşkili və sənədləşmənin TKİS-ə və beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğunluq səviyyəsinə baxış keçiriləcək, müşahidələr aidiyyəti xidmətlərlə araşdırılaraq təhlil ediləcək, AXDG rəhbərliyi nəticələr barədə məlumatlandırılacaq.

Nəticədən asılı olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə verilən sertifikatın müddəti uzadılacaq.

Noyabrın 11-dən başlayan xarici audit ayın 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti