...

PAŞA Bankın İdarə Heyətində YENİ TƏYİNATLAR oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2018 14:12 (UTC +04:00)
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın 2018-2020-ci illər üzrə yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minib.
PAŞA Bankın İdarə Heyətində YENİ TƏYİNATLAR oldu

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın 2018-2020-ci illər üzrə yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minib.

Bankdan Trend-ə verilən məlumata görə, təşkilati strukturun yenilənməsi ilə bağlı olaraq öncə PAŞA Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini vəzifəsini tutan Cavid Quliyev PAŞA Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı təyin edilib.

Öncə İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışan Xəyalə Nağıyeva PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.

Öncə Xəzinədarlıq departamentinin direktoru vəzifəsini tutan Bəhruz Nağıyev İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsinə təyin edilib.

Öncə Azərbaycan Beynəlxalq Bankının Baş direktoru vəzifəsini tutan Cəlal Orucov PAŞA Bankın İdarə Heyətinin yeni üzvü və Baş əməliyyat inzibatçısı vəzifəsinə təyin edilib.

Bankın Müşahidə şurasının tərkibində də dəyişikliklər baş verib. Belə ki, PAŞA Holdinqin Biznesin inkişafı üzrə direktoru və İcraçı direktorunun müavini Şahin Məmmədov Müşahidə şurasının üzvü təyin edilib.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, İdarə Heyətinin tərkibinin yenilənməsi ilk növbədə Bankın 2018-2020-ci illəri əhatə edən yeni inkişaf strategiyasının həyata keçirilməsi çərçivəsində gələcək uğurlu inkişafını təmin etməyə yönəlib.

"Növbəti 3 il ərzində PAŞA Bank diqqətini biznes fəaliyyətinin rəqəmsal komponentinə, o cümlədən müştərilərin rəqəmsal kanallar vasitəsilə xidmətlə təmin olunmasına və biznes proseslərin müvafiq transformasiyasına yönəldəcək. Əminəm ki, nəzərdə tutduğumuz planların həyata keçirilməsi təmin etdiyimiz müştəri xidmətlərinin operativliyinə və keyfiyyətinə və yerli bazarda bankın maliyyə mövqeyinin daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək", - deyə Taleh Kazımov öz fikrini yekunlaşdırıb.

PAŞA Bankın İdarə Heyətinin yeni tərkibi:

Taleh Kazımov, İdarə Heyətinin sədri və Baş icraçı direktor

Cavid Quliyev, İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı

Xəyalə Nağıyeva, İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı

Bəhruz Nağıyev, İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı

Cəlal Orucov, İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı

PAŞA Bank

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: [email protected]

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən “Azərbaycanın ən yaxşı kommersiya bankı”, “Azərbaycanın ən yaxşı bank qrupu”, “Azərbaycanın ən yaxşı fərdi bankı” mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Azərbaycanın ən yaxşı bankı" mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına, EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti