Bakı. Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi” mövzusuna həsr olunmuş təlim keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, birgünlük təlimdə 20-dən çox media nümayəndəsi iştirak edib.
Təlimin məqsədi “bulud” texnologiyalarının biznesdə tətbiqinin yarada biləcəyi imkanlar və üstünlüklər barədə məlumat vermək olub.
Tədbirdə çevik və sərfəli “bulud” həllərinin tətbiqi nəticəsində istismar xərclərinin 30-40% azaldılması, kapital xərclərinin isə sıfıra endirilməsi vurğulanıb. Qeyd edilib ki, məhz səmərəliliyin artması sayəsində getdikcə daha çox şirkət öz biznesini qurarkən “bulud” xidmətlərindən yararlanır.
Təlim zamanı KİV nümayəndələri üçün Data Mərkəzinə tur təşkil olunub.
Data Mərkəzinin texniki imkanları, təqdim olunan xidmətlər, iş fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib.
Qeyd edilib ki, məlumatların saxlanmasında əsas amil informasiya təhlükəsizliyinin təmin olunmasıdır ki, “AzInTelecom” MMC-nin Data Mərkəzinin informasiya təhlükəsizliyinin idarə olunması üzrə ISO 27001 sertifikatına malikdir. Bu da məlumatların etibarlı və təhlükəsiz mühitdə qorunmasına zəmanət verir.
Həmçinin bildirilib ki, Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III sertifikatına malik ilk Data Mərkəzidir. Məlumat verilib ki, TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982% etibarlılıq səviyyəsi təmin olunan Data Mərkəz sahəsi 700 kv.m-dən çox olan server dayaqlarına malikdir və verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçirir.
Xatırladaq ki, Data Mərkəzi 2016-cı ilin dekabrında istismara verilib.
Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:
- Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.
- Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və “bulud” əsaslı xidmətlər.
- Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.
Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.
İnfrastruktur (IaaS) və “bulud” xidmətləri ISO 20000, ISO 27001 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan regional Data Mərkəzi yerli və beynəlxalq qurumlara infrastruktur və “bulud” xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə və digər) göstərməyə qadirdir.
Sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən “uyğunluq” sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına, istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şərait yaradılmasına kömək edir.
“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az və www.datamerkezi.az veb-saytlarından istifadə edə bilərsiniz.