Bakı. Trend:
Son otuz il ərzində Böyük Britaniya Azərbaycanda ən böyük fərdi investor olub.
Trend xəbər verir ki, bunu Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin Azərbaycan üzrə direktoru, Şərqi Avropa və Mərkəzi Asiyada energetika üzrə aparıcı mütəxəssisi Coel Con Derbişir Beynəlxalq Ticarət Həftəsi çərçivəsində "Azərbaycan və Qazaxıstan - özünüz üçün iki regional mərkəzi kəşf edin" adlı vebinarında deyib.
"1995-2022-ci illər ərzində Böyük Britaniyanın Azərbaycana iinvestisiyaları 84 milyard ABŞ dollarını ötüb ki, bu da ölkəyə yatırılan birbaşa xarici investisiyaların həcminin 280 milyard dollara çatması ilə nəticələnib", - deyə o vurğulayıb.
Derbişir 1994-cü ildə Azərbaycan hökumətinin bp ilə məşhur "Əsrin müqaviləsi"ni imzaladığını və bununla Azərbaycanla Böyük Britaniya arasında möhkəm və mütərəqqi ikitərəfli və investisiya tərəfdaşlığının təməlinin qoyulduğunu qeyd edib.
Direktor həmçinin, 2022-ci ildə iki ölkə arasında ticarətin həcminin 1,2 milyard funt sterlinq olduğunu və Azərbaycanda 400-ə yaxın Böyük Britaniya şirkətinin aktiv fəaliyyət göstərdiyini əlavə edib.