Bakı. Trend:
Bu ilin dekabrında Azərbaycanda Gömrük Forumu keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidentinin müşaviri Ziya Hacılı "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
"Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası gömrük orqanları ilə sıx əməkdaşlığı davam etdirir. Sahibkarlar üçün yaradılan şuralarda qaldırılan məsələlər öz həllini tapır. Hazırda bizim strukturumuz Azərbaycan Dövlət Gömrük Komitəsi ilə birlikdə bu ilin dekabrında Gömrük Forumunun keçirilməsi üçün aktiv hazırlıq işləri görür. Əminik ki, qarşıdan gələn Gömrük Forumu dialoq üçün mühüm platforma olacaq və əhəmiyyətli nəticələr verəcək", - Z.Hacılı qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin əsas halqası kimi yalnız tranzit ölkə kimi məhdudlaşmır.
"Ölkəmiz ticarət marşrutlarının şaxələndirilməsi prosesində aktiv təşəbbüskar və iştirakçı kimi çıxış edərək, təkcə Şərq və Qərb arasında əlaqələrin təminatında deyil, həmçinin Şimal və Cənubun birləşdirilməsində də əsas rol oynayır. Azərbaycan böyük siyasi iradə nümayiş etdirib və nəqliyyat infrastrukturunun inkişafına ciddi investisiyalar yatırıb. Qeyd etmək vacibdir ki, sərhəd keçid məntəqələrinin modernləşdirilməsi və sərhədlərin keçid prosedurlarının sadələşdirilməsi üzrə işlər yüksək səviyyədə aparılıb, bu da ölkəmizə regionda tranzit marşrutları arasında lider mövqelərdən birini əminliklə tutmağa imkan verib", - Z.Hacılı əlavə edib.