Bakı. Trend:
Bakıda "PASHA Holding" tərəfindən təşkil edilən "INMerge” İnnovasiya Sammitinin ilk günü başa çatıb.
Trend xəbər verir ki, bu illik sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Sammit, fintex, telekommunikasiya, elektron ticarət və digər sahələrdən olan innovatorları, investorları və sahənin nüfuzlu liderlərini bir araya gətirir. “INMerge” həm də iştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişaf etdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalq əlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.
Bu il “INMerge” İnnovasiya Sammitində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PASHA Holding”-in icraçı direktoru Cəlal Qasımov, “Trendyol Group”-un baş direktoru Erdem İnan çıxış edəcəklər. Həmçinin “YouTube”-un həmtəsisçisi Stiv Çen, “Amazon”-un vitse-prezidenti və texniki direktoru Verner Vogels, “Avito”-nun keçmiş baş direktoru Vladimir Pravdivıy da təsdiqlənmiş spikerlər arasında yer alıb. Onlara "Paradox Strategies" və "InnovationForce"-nin təsisçisi, Harvard Biznes Məktəbinin professoru Linda Hill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayev də qoşulacaq.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib ki, Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişaf strategiyası ölkənin gələcək artımı və innovativ inkişafı üçün səmərəli ekosistemin yaradılmasına yönəlib.
"2024-un 8 ayda Ümumi Daxili Məhsul 4,3% artmış, o cümlədən qeyri-neft sektorunda 7 % artım olmuşdur. Belə bir irəliləyiş bizə gələcək və innovasiyalar barədə danışmağa imkan verir. Azərbaycanın iqtisadiyyatının və innovasiya potensialının inkişafı üçün yalnız iqtisadi artımı təmin etmək deyil, həm də insan kapitalına investisiya qoymaq vacibdir", - o bildirib.
Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin müavini Olimjon Umarov isə Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində qeyd edib ki, Özbəkistan rəqəmsal iqtisadiyyatın inkişafına aktiv şəkildə yönəlib.
“Özbəkistan hökuməti IT sektorunun, yaradıcılıq sənayesinin və innovativ biznesin, xüsusilə də startap ekosisteminin inkişafına xüsusi əhəmiyyət verir. Yeni iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və informasiya texnologiyaları kimi ənənəvi sektorlarda rəqəmsallaşma və innovasiyaların tətbiqi ilə formalaşır, eləcə də IT xidmətləri, elektron ticarət və maliyyə texnologiyalarını əhatə edən rəqəmsal ekosistem yaradılır. Bu strategiyanın əsas elementi insan kapitalının təhsil və innovasiyaları dəstəkləyən infrastruktur vasitəsilə inkişafıdır. Ümumilikdə, Özbəkistan aktiv şəkildə rəqəmsal iqtisadiyyatın inkişafına yönəlib”, - o qeyd edib.
İqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində vurğulayıb ki, Azərbaycanda rəqəmsal innovasiyalar üçün daha əlverişli şəraitin yaradılması məqsədilə normativ bazanın təkmilləşdirilməsi növbəti addımlardan biri olacaq.
“Əvvəlcə, söhbət sektorlarda və biznesdə transformasiyadan gedir. Bu istiqamətdə atılacaq əsas addımlardan biri növbəti nəsil texnologiyalar mərkəzinin yaradılmasıdır. Mərkəz rəqəmsal transformasiyanı dəstəkləməkdə mühüm rol oynayacaq, praktik təlimlər təqdim edəcək və müxtəlif sahələrdə innovasiyaları stimullaşdıracaq. Türkiyənin təcrübəsi Azərbaycan üçün mühüm meyar olmuşdur. Yeni mərkəz iqtisadiyyatın müxtəlif sektorlarda əmək məhsuldarlığını 31 faiz artırmağa kömək edəcək”, - o qeyd edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə öz növbəsində Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində çıxışı zamanı deyib ki, gələcək 3 il ərzində Azərbaycan universitetlərinin 70 faizində süni intellekt təlimlərinin tətbiqi planlaşdırılır.
"Biz gələcək 3 il ərzində Azərbaycan universitetlərinin 70 faizində süni intellekt təlimlərinin tətbiqini planlaşdırırıq. Həmçinin, süni intellekt texnologiyaları yalnız dövlət müəssisələrində deyil, həm də özəl sektorda daha geniş tətbiq olunacaq", - o qeyd edib.
Daha sonra “Trendyol Group”-un baş direktoru Erdem İnan Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində vurğulayıb ki, Azərbaycan texnologiyalar və innovasiyalar sahəsində bölgədə lider mövqedədir.
" “INMerge Innovation Summit” - Azərbaycanın bölgədə texnologiyalar və innovasiyalar sahəsindəki lider mövqeyinin parlaq sübutudur. İnnovasiyalar gündəlik həyatımızı dəyişdirir, iş metodlarını, eləcə də müştəri və tərəfdaşlarla əlaqə qurma üsullarını transformasiya edir", - o deyib.
Gürcüstanın İqtisadiyyat nazirinin müavini İrakli Nadareishvili Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində çıxışı zamanı əlavə edib ki, Gürcüstan Azad ticarət sazişlərinin bağlandığı ölkələrin sayını daim artırır.
“Gürcüstan 3,7 milyon nəfərlik əhalisi olan kiçik bir ölkədir, bu isə investisiya cəlbediciliyi baxımından zəif cəhət hesab olunur. Lakin, biz digər ölkələrlə imzaladığımız Azad ticarət sazişlərinin ekosisteminin daim genişlənməsi sayəsində bu çatışmazlığı kompensasiya etməyi bacarmışıq”, - o vurğulayıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov isə Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində qeyd edib ki, Azərbaycanda ilin sonuna qədər vətəndaşlara təqdim olunan dövlət xidmətlərinin 15 faizinin rəqəmsal formata keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, Azərbaycan hökuməti rəqəmsallaşmanı ölkənin rəqəmsal transformasiya strategiyasının təməli kimi tanıyır. “MyGov” tətbiqi vətəndaşlar və hökumət arasında əlaqələrin transformasiya prosesinin bir hissəsidir.
“INMerge” İnnovasiya Sammiti öz işini sabah davam etdirəcək.