Bakı. Trend:
Azərbaycanda yerli ödəniş kartlarının buraxılmasının genişləndirilməsi gələcək strateji dövrdə müzakirə olunmalıdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.
“Bu, ekosistemdə rəqabəti gücləndirəcək, tariflərin daha səmərəli tənzimlənməsinə və infrastrukturun uzunmüddətli dayanıqlılığına töhfə verəcək. Bundan əlavə, bank hesablarının məsafədən açılması proseduru müasir tələblər nəzərə alınmaqla yenidən nəzərdən keçirilməli və təkmilləşdirilməlidir.
Maliyyə inklüzivliyini təşviq etmək üçün hesabların açılması zamanı identifikasiya proseslərini sadələşdirmək vacibdir. Maliyyə bazarlarında innovasiyaların tətbiqini sürətləndirmək üçün belə layihələrin təhlili, planlaşdırılması və həyata keçirilməsinə kömək edəcək innovasiya mərkəzinin yaradılması təklif olunur”, - deyə Z.Nuriyev vurğulayıb.