Azercell mobil rabitə operatorunda dövlət payının satışı özəlləşdirmə üzrə ən iri saziş olacaq. İqtisadi inkişaf naziri Fərhad Əliyevin Trend ə bildirdiyinə görə, İqtisadi İnkişaf Nazirliyi və qiymət təyin edən tərəfindən dövlət payının qiyməti təyin edilib.
"Dövlət payının dəyəri $180-$195 milyondur. Dövlət payınının özü isə 35,6%-ə bərabərdir. Gələn həftə rəsmi olaraq qiymət elan olunacaq və bu şirkət Azərbaycanın özəlləşdirmə tarixində satılan ən iri müəssisə, satışdan əldə olunan gəlir isə büdcəyə yönəldilən ən iri məbləğ olacaq. Biz Azercell-in ən yüksək qiymətə - $195 milyona satılmasında maraqlıyıq", - deyə nazir qeyd edib.
F.Əliyev dövlət payının Azercell-in həmtəsisçilərinə təklif olunacağını təsdiq edib. "Əgər onlar bundan imtina etsələr, onda alıcı beynəlxalq tender yolu ilə seçiləcək. Dövlət payının həmtəsisçi tərəfindən alındığı təqdirdə, satış üzrə sazişin cari ildə başa çatacağı gözlənilir. Əgər bu baş tutmasa, o zaman tender elan ediləcək, satış isə gələn il həyata keçiriləcək", - deyə nazir bildirib.
Azercell Telecom BM 1996-cı ildə yaradılıb. Onun təsisçiləri Fintur Holding və Azərbaycanın Rabitə Nazirliyidir.