2006-cı ildə Avropa Yenidənqurma və İnkişaf bankı Azərbaycanda layihələrin gerçəkləşdirilməsinə 300 mln avrodan çox sərmayə qoymağı planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə AYİB prezidenti Jan Lemyer məlumat verib. Dekabrın 31-nə olan vəziyyət üzrə AYİB-in Azərbaycanda portfeli 686 mln avro təşkil edib. Bu vəsait 30 layihənin maliyyələşdirilməsi üçün ayrılıb.
"Biz dövlət sektoruna yardım göstərməyi çox istəyirik, ancaq eyni zamanda Azərbaycan şirkətlərində səhm payını almaqla və kreditlər verməklə özəl sektora da dəstək göstərmək arzusundayıq", - deyə AYİB rəhbəri qeyd edib.
O, bu il bank sektoru qarşısında öhdəliklərin ikiqat artırılmasının mümkünlüyünü istisna etməyib. "Bu, bizim iqtisadiyyatın diversifikasiyası və bank sektorunun inkişafı ideyasına nə qədər sadiq olmağımızı göstərir", - deyə AYİB prezidenti qeyd edib.
Bu məsələlər J.Lemyerin Azərbaycan hökuməti ilə görüşündə müzakirə mövzusu olub. Bankın prezidenti danışıqların gedişindən razı qalıb və hesab edir ki, ölkədə yaxşılığa doğru dəyişikliklər baş verir. Onun fikrincə, inkişafın davamlı olması üçün yoxsulluqla mübarizə əsasdır. Görüşdə enerji sektoru, neft-qaz sektoru, infrastrukturun inkişafı, avtomobil və dəmir yollarının yenidən qurulması (lokomotiv parkının inkişafı), ətraf mühitin təmizlənməsi üzrə layihələr, neft gəlirlərindən istifadə etməklə iqtisadiyyatın diversifikasiyanın həyata keçirilməsi, yeni iş yerlərimn açılması ilə bağlı məsələlər müzakirə olunub. J.Lemyerin sözlərinə görə, AYİB sərmayə qoymaqda maraqlı olduğu yeni sektorları müəyyən edib. Kənd təsərrüfatı, sement, enerji sektorlarında böyük potensial var.
O hesab edir ki, 10 il ərzində AYİBlə Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələri qurulub və bu əlaqələr davam etdiriləcək.