Azərbaycan Milli Bankının yaydığı məlumata əsasən, ölkəyə yeni 50 və 100 manatlıq əskinaslar gətirilib ki, bunlar aprelin 25-də dövriyyəyə buraxılacaq.
Trend agentliyinin məlumatına əsasən, 50 manatlıq əskinas təhsil və gələcək mövzusuna həsr olunub. 148 x 70 mm ölçüdə olan əskinas ağ kağız üzərində çap olunub. Əskinasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti - pillələr, güc və işıq nişanəsi - günəş, elm rəmzi - kimyəvi və riyazi simvollar təsvir olunub. Arxa tərəfdə isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, qədim Azərbaycan xalçalarının ornamentləri çap olunub.
100 manatlıq əskinas iqtisadiyyat və inkişaf mövzusuna həsr olunub. Onun ölçüsü 155 x 70 mm-dir. Üz tərəfində memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımının simvolları təsvir olunub. Əskinasın arxasında Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının naxışları çap olunub.
Mühafizə elementləri aşağıdakılardır: üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqla görünən "MANAT", möcüzəli rəqəm, relyefli nominal, holoqrafik nominal, ultra-bənövşəyi işıqda görünən elementlər; arxa tərəfdə metal sap, sehrli xətlər, ultra-bənövşəyi işıqda görünən elementlər.