...

Bakıda Kiyev Reklam Universitetinin qanunsuz fəaliyyət göstərən filialı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2006 17:32 (UTC +04:00)

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Ukrayna Respublikası Elm və Təhsil Nazirliyinin Kiyev Reklam Universitetinin Bakı filialının qanunsuz fəaliyyət göstərməsini aşkar edib. Trend in nazirliyin yaydığı məlumata istinadən xəbər verdiyi kimi, aparılan araşdırmalar zamanı vergi orqanları tərəfindən müəyyən edilib ki, Kiyev Reklam Universitetinin Bakı filialına 1958-ci ildə Naxçıvan MR-in Şərur rayonunda anadan olmuş Əlizadə Hüseyn İsa oğlu rəhbərlik edir. 2004-cü ildən fəaliyyət göstərən filialda tələbələr 9 ixtisas üzrə əyani və qiyabi şöbələrdə təhsil alırlar. Təhsil ödənişlidir. İllik təhsil haqqı ödənilərkən tələbələrə "Dostluq" Elm İstehsalat Mərkəzi MMC-nin kassa mədaxil orderi verilir.

Qanunsuz və lisenziyasız fəaliyyət göstərən filialda 35 nəfərə yaxın professor və müəllim kollektivi çalışır, 300-dək tələbə ayrı-ayrı ixtisaslar üzrə təhsil alır. Filialın qanunsuz fəaliyyətini mühasibat hesabatları və digər sənədlər də təsdiq edib. Əldə olunan sənədlərə əsasən aparılan ilkin hesablamalara görə, son 2 ildə filialın direktorunun köməkçisi Nuridə İsgəndərova tərəfindən tələbələrdən 1 mlrd. AZM-dən çox təhsil haqqı yığılıb. Eyni zamanda, Ədliyyə Nazirliyində müvafiq qaydada qeydiyyatdan keçmədən və Təhsil Nazirliyindən lisenziya almadan fəaliyyət göstərməsinə baxmayaraq, filialın adına saxta yolla möhür hazırlanıb və müvafiq sənədlərin təsdiq olunmasında istifadə olunub. Saxta möhürlə təsqid edilərək tələbələrə verilən arayışlara əsasən, onlar ordu sıralarına çağırışdan azad olunublar.

Departament bu xüsusatların ətraflı araşdırılması məqsədilə yoxlama tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti