...

"BakıTel" sərgisi dünyanın İT nəhənglərini Azərbaycana toplayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2006 16:15 (UTC +04:00)

12-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - "BakıTel" bu il çox parlaq və yaddaqalan hadisə olacağını vəd edir. Trend xəbər verir ki, sərgilərin təşkilatçısı qismində çıxış edən İTECA Caspian şirkətinin press-relizində qeyd olunub ki, sərgi Azərbaycanda İKT sənayesinin inkişafı məqsədilə son illər ərzində keçirilən fəal işin nəticələrini əyani surətdə nümayiş etdirəcək. Bu il BakıTel ölkəmizdə İKT sahəsinin nəhənglərini, o cümlədən MICROSOFT, HP, SIEMENS, ALCATEL, CISCO SYSTEMS, HUAWEI, ORACLE və başqa şirkətləri toplayacaq və bu, dünya istehsalçılarının və həmin sənayedə çalışan ixtiraçıların Azərbaycan bazarına olan böyük marağına və ölkəmizdə həmin sektoru inkişaf etdirmək istəyinə işarə edir.

BakıTel 2006 dünyanın 20 ölkəsindən 120-dən çox şirkəti təqdim edəcək. Həmin şirkətlər oktyabrın 3-dən 6-na qədər İKT sahəsinin ən son nailiyyətlərini təqdim edəcək və istehlakçı ilə ən yeni məlumatlarla bölüşəcək. Ekspozisiya sahəsinin ötən ilə nisbətən 50% artacağı gözlənilir.

Bu il ABŞ şirkətləri sərgidə çox fəal iştirak edir ki, bu da, şübhəsiz, Azərbaycan Respublikası Rabitə Nazirliyinin fəal işi sayəsində mümkün olub. ABŞ-dan bu sənayenin 15 şirkətini təmsil edən nümayəndə heyəti sərgiyə gələcək. Bu şirkətlərin maraqları USACC tərəfindən təşkil olunmuş kollektiv ABŞ stendi vasitəsilə təmsil olunacaq. BakıTel sərgisi çərçivəsində ənənəvi olaraq keçiriləcək konfrans bu il "Xüsusi iqtisadi zonalar - Azərbaycan iqtisadiyyatının davamlı inkişafında yeni istiqamət" mövzusuna həsr olunacaq.

Sənəddə qeyd olunub ki, BakıTel sərgisi üçün əlamətdar hadisə olaraq, sərgi bu il ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin patronajı altında keçiriləcək.

Azərbaycanda beynəlxalq sərgilərin payız sərgi mövsümünü artıq 12 ildir ki, Azərbaycanda müntəzəm keçirilən Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi BİHE 2006 açacaq.

Sərgi sentyabrın 26-dan 29-na qədər keçiriləcək və dünyanın 23 ölkəsindən təxminən 150 şirkət qəbul edəcək ki, bu da ötən ilə nisbətən 31% çoxdur. Tibbi xidmətlərin bütün spektrini əhatə edən ənənəvi bölmələrlə yanaşı, BİHE bu il yeni Gözəllik bölməsini təqdim edəcək. Yeni bölmənin ekspozisiyasını gözəllik xidmətləri, həmçinin estetik salon və kosmetologiya klinikaları üçün avadanlıq təklif edən şirkətlər təqdim edəcək. Əczaçılıq bu il çox geniş təqdim olunacaq. Burada dünyanın aparıcı dərman istehsalçıları və distribyutorları toplaşacaq. Bu il ilk dəfə olaraq sərgi Koreya, Bolqarıstan və Yaponiya ölkələrini təqdim edəcək. Sərgi ekspozisiyasının 30 %-ni Azərbaycan bazarına ilk dəfə çıxan şirkətlər təşkil edəcək. Bu il stendlərinin sahəsini nəzərə çarpacaq dərəcədə artıran yerli şirkətlərin fəal iştirakı çox sevindirici haldır. Yerli şirkətlərin iştirakı ötən ilə nisbətən 30% artıb.

Daha bir sevindirici hal da odur ki, BİHE sərgisinin bölmələrindən biri - Stomatologiya - böyüyərək, ayrıca sərgiyə çevrilib. Bu bölmənin ayrılması stomatoloqlar üçün xidmət və avadanlıqlar təklif edən şirkətlərin sayca artması ilə əlaqədardır. Stomatologiya sərgisi dünyanın 12 ölkəsindən təxminən 40 şirkət təqdim edəcək. BİHE sərgisi çərçivəsində ənənəvi olaraq hər il keçirilən konfrans təşkil olunacaq ki, həmin konfrans bu il "Stomatologiyanın aktual problemləri" mövzusuna həsr olunacaq. Konfrans sentyabrın 29-da keçiriləcək.

4-cü Azərbaycan Beynəlxalq BakıMebel Sərgisi 1-ci Azərbaycan Daşınmaz Əmlak Sərgisi AzRealty ilə birgə oktyabrın 11-dən 14-nə qədər keçiriləcək. Sərgilərin birgə keçirilməsinə səbəb eksponentlərin geniş auditoriyanı əhatə etmək və Daşınmaz Əmlak sərgisində iştirak edən şirkətlərlə, o cümlədən yaşayış kompleksləri və biznes mərkəzlərinin inşaatçıları ilə əlverişli sazişlər bağlamaq istəyi olub. BakıMebel sərgisi dünyanın 7 ölkəsindən təxminən 30 şirkət təqdim edəcək. Həmin şirkətlər sərgidə aşağıdakı məhsulları nümayiş etdirəcək: ofis mebeli, ictimai müəssisələr üçün mebel, yumşaq və ev mebeli, çilçıraqlar, şüşə məmulatları, yataq ləvazimatları, həmçinin mebel istehsalı üçün avadanlıqlar və alətlər, ağac emalı avadanlıqları, mebel və aksesuarlar, üzlük materialları, fasadlar, laklar və boyalar. Daşınmaz Əmlak sərgisi nəinki Azərbaycan, həm də bütün Xəzəryanı bölgə və Qafqaz üçün bu sahə ilə bağlı ilk hadisə olacaq. AzRealty sərgisinin keçirilməsinə Respublikanı bürümüş tikintinin canlanması təkan verib. AzRealty ölkənin daşınmaz əmlak bazarının müxtəlif seqmentlərinə dair maksimal dərəcədə dolğun və ətraflı məlumat almaq imkanı verəcək, yeni tikililər, təkrar yaşayış obyektləri, şəhərdən kənar və kommersiya daşınmaz əmlakını təqdim edəcək, rieltor biznesi, tikinti-sərmayə və qiymətləndirmə fəaliyyəti, sığortalama və memarlıq-layihələşdirmə işləri sahəsində əldə edilmiş ən yeni nailiyyətləri nümayiş etdirəcək. Sərgi təxminən 20 şirkəti təqdim edəcək. İlk Daşınmaz Əmlak sərgisi çərçivəsində keçiriləcək konfrans ipoteka kreditlərinin verilməsi və Azərbaycan tikinti sektorunun maliyyələşdirilməsi məsələlərinə həsr olunacaq.

Ən iri Tikinti sərgisi olan ənənəvi BakıBild öz qapılarını oktyabrın 11-də açacaq və 2006-cı ilin sərgi mövsümünü başa vuracaq. Bu il sərgi dünyanın 20 ölkəsindən təxminən 200 şirkəti öz "damı" altında toplayacaq. BakıBild 2006 sərgi qonaqları üçün Azərbaycanda heç zaman istifadə olunmamış bir çox ən yeni texnologiyaların nümayişini planlaşdırıb. Sərgidə iştirak edən şirkətlərin təxminən 40 %-i ölkə bazarına ilk dəfə çıxır. Sərgidə ilk dəfə olaraq Fransa, Sloveniya və Çexiya məhsulları nümayiş etdiriləcək. Sərgi sahəsinin təxminən 65 %-ni bu il ekspozisiya sahələrini nəzərə çarpacaq dərəcədə artırmış yerli şirkətlər tutacaq. Tikinti Texnikası və Metallurgiya sahəsi bu il sərgidə fəal təqdim olunacaq. Sərgi 4 gün davam edərək oktyabrın 14-də öz işini başa çatdıracaq.

Bütün sərgilər dövlət qurumları tərəfindən dəstəklənir və Heydər Əliyev adına İdman və Sərgi kompleksində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti