...

Proqram rəhbəri: "PUM" Azərbaycan banklarının investisiyalarını orta sahibkarlığın inkişafına cəlb edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2006 15:34 (UTC +04:00)

Bu gün Bakıda Hollandiyanın "PUM" proqramının (Hollandiyadan təcrübəli menecerlər) təqdimatı olub. Trend in xəbər verdiyi kimi, təqdimat mərasimində proqramın Azərbaycandakı əlaqələndiricisi Ələkbər Məmmədov, proqramın baş direktoru Yan Roben, proqramın Cənubi Qafqaz ölkələrində başçısı Piter Van Gelder, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak ediblər.

Yan Roben "PUM"un məqsədləri və fəaliyyəti barədə ətraflı məlumat verib. 1878-ci ildə təsis edilmiş "PUM" dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərir. "PUM" ekspertləri kompüter texnologiyaları, toxuculuq, tibb və sair müxtəlif sahələrdə mütəxəssislərdir.

Onlar öz iş təcrübəsi ilə sahibkarlar və işçi personalı ilə bölüşürlər. "PUM" Afrika, Asiya, Latın Amerikası, Şərqi və Mərkəzi Avropa ölkələrində fəaliyyət göstərir. Bu proqramın ekspertləri Cənubi Qafqazda da çalışırlar.

Y. Robenin sözlərinə görə, "PUM" ekspertləri Gürcüstanda daha fəal işləyirlər. Baş direktor onların Azərbaycandakı fəaliyyətini qeyri-qənaətbəxş hesab edir.

Proqram Hollandiya hökuməti tərəfindən maliyyələşdirilir. 2006-cı ildə Hollandiya hökuməti dünyanın 80 ölkəsində işləmək üçün 13 mln. avro ayırıb.

Y. Robenin sözlərinə görə, proqramın fəaliyyətində dövlətin bu qədər fəal iştirakına səbəb odur ki, özəl sektor "ölkə iqtisadiyyatının hərəkətində effektiv mühərrik rolunu oynayır".

Azərbaycanda "PUM" Azərbaycan Sahibkarları (İşəgötürənlər) Milli Konfederasiyası ilə əməkdaşlıq edir.

Ekspertlər missiyasının fəaliyyət müddəti "PUM" tərəfindən müəyyən olunur. Avropa ölkələrində missiya 3 həftədən 2 aya qədər, Afrika, Asiya və Latın Amerikası ölkələrində isə 10 gündən 3 aya qədər fəaliyyət göstərə bilər.

Eksperti dəvət etmiş şirkət onun xərclərini ödəməlidir. Bura nəqliyyat, yaşayış və qida xərcləri daxildir. Beynəlxalq bilet və sığorta xərcləri isə "PUM" tərəfindən ödənilir.

Əsasən, "PUM" orta şirkətlərlə məşğul olur. Baş direktorun fikrincə, ölkə iqtisadiyyatının inkişafında onlar daha fəal iştirak edirlər.

Azərbaycanda yerli sahibkarlara yardımdan danışan Y. Roben bildirib: "Biz yerli bankları sizin biznes planların çox səlist və məntiqcə düzgün tərtib edildiyinə inandırmaqla, onların investisiyalarını sizin şirkətlərə cəlb edə bilərik".

Proqramın Azərbaycandakı əlaqələndiricisi Ələkbər Məmmədov bildirib ki, Azərbaycanda sahibkarların başlıca problemi onların ekspertləri qəbul etməyə hazır olmamalarıdır və ona görə də Azərbaycanda mütəxəssisləri, ilk növbədə, biznes mədəniyyətinin və biznes sahəsində biliklərin çatdırılması üçün cəlb etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti