...

Turində Azərbaycan məhsulları təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2006 18:44 (UTC +04:00)

Oktyabrın 26-da Turində keçiriləcək "Terra Madre" ("Ana Torpaq") ərzaq birliklərinin ikinci ümumdünya görüşü çərçivəsində kənd təsərrüfatı sərgisi təşkil olunacaq. Regional Ekoloji Mərkəzin (REM) Qafqaz üçün "Qafqazın dağ bölgələrinin sabit inkişafı" layihəsinin milli koordinatoru Azər Qarayevin Trend ə verdiyi xəbərə görə, sərgidə bu layihənin pilot Azərbaycan kəndlərindən olan ərzaqlar da təqdim olunacaq.

İtaliyadakı beynəlxalq sərgiyə pendir, şoraba, müxtəlif içkilər, o cümlədən tut arağı, meyvə şirələri, eləcə də bal, mürəbbə, çaytikanı və ekoloji cəhətdən təmiz olan digər məhsullar gətiriləcək. Azərbaycan pavilyonunda həmçinin Azərbaycanın şah yeməkləri - dolma, plov və s. təqdim olunacaq.

A.Qarayevin sözlərinə görə, bu təqdimat üçün Azərbaycan nümayəndə heyətinin tərkibində peşəkar aşbaz da var. Ümumilikdə, nümayəndə heyətində "Sis" (Şamaxı) və "Yeni yol" (İsmayıllı) dağ kəndlərinin nümayəndələri də daxil olmaqla, 9 iştirakçı var.

Görüşdə təxminən 150 dövlətin nümayəndəsi iştirak edəcək. Beynəlxalq sərgi oktyabrın 30-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti