Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Cəlilabad rayonunun Təzəkənd kəndində quşların kütləvi şəkildə qırılması ilə bağdı yayılmış məlumatlarla əlaqədar monitorinq keçirib.
Trend in Dövlət Xidmətinə istinadən xəbər verdiyi kimi, monitoriq zamanı quşların ölməsinin müəyyən edilməsi üçün analizlər götürülüb. İlkin tədqiqatlar göstərib ki, quşlar "quş qripi"ndən deyil, kolibakteriozdan ölüb.
Buna baxmayaraq, monitorinq zamanı götürülmüş patoloji material baytarlıq xidmətinin laboratoriyasında tədqiq ediləcək və nəticələr noyabrın 9-da açıqlanacaq.
Dövlət xidməti qeyd edir ki, bu günədək Azərbaycanda quşların "quş qripi" virusundan ölməsi halı qeydə alınmayıb.
Virusun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə bütün sərhəd baytarlıq məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə çöl quşlarının ovlanması, satışı və istifadəsinə, o cümlədən virusa yoluxma hallarının qeydə alındığı ölkələrdən quş məhsullarının respublikaya gətirilməsi və istifadəsinə qoyulmuş qadağa qüvvədədir.