2005-ci ilin oktyabrından 2006-cı ilin oktyabrınadək Azərbaycanda ərzaq mallarının qiyməti 11% bahalaşıb. Trend in xəbər verdiyi kimi bu barədə noyabrın 9-da Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bəyan edib.
"Bu dövr ərzində qeyri-ərzaq məhsullarının qiyməti 5% bahalaşıb. Nəticədə Azərbaycanda ümumi inflyasiya bir il ərzində 7,7% təşkil edib", - deyə A.Vəliyev bildirib.
Ölkədə bir sıra ərzaq məhsullarının qiyməti il ərzində xeyli artıb. "Məsələn, qəndin qiyməti 31%, ətin qiyməti - 22%, kartofun qiyməti - 20%, südün qiyməti - 13%, soğanın qiyməti - 41% bahalaşıb",- deyə Arif Vəliyev qeyd edib.
O bildirib ki, il ərzində çay, kərə yağı, pendir, makaron, un, mobil telefon, kompüter və rabitə xidmətlərinin qiyməti aşağı düşüb. Məhz buna görə Azərbaycanda birrəqəmli inflyasiya mövcuddur.
A.Vəliyev nəzərə çatdırıb ki, Beynəlxalq Valyuta Fondu hər rüb inflyasiyasının hesablanması üzrə Azərbaycan metodikasını öyrənir və indiyədək heç bir irad olmayıb.