...

AZPROMO-nun başçısı: Operativ və effektiv xidmətlər göstərmək üçün müştərilərin yanında olmaq lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2006 13:38 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycanda ixracın və investisiyaların təşviqi fondunun (AZPROMO) qəyyumluq şurasının seminarı keçirilib. Bu barədə Trend xəbər verir. Görüşdə AB-Tasis proqramı çərçivəsində layihənin nəticələri, 2006-cı ildə AZPROMO-nun fəaliyyəti, Azərbaycanda ixrac üzrə alyansların yaradılması məsələsi və s. açıqlanıb.

Ab-Tasis layihəsinin rəhbəri Jan-Klod Ravo bildirib ki, bu günlərdə 1 mln. avro büdcəyə malik layihənin reallaşdırılması başa çatacaq. Layihənin əsas məqsədi Azərbaycanın qeyri-neft sektorunda münasib investisiya iqliminin yaradılmasına dəstəkdir.

Layihə 2 avqust 2005-ci ildə reallaşdırılmağa başlayıb. Bu vaxt ərzində qeyri-neft sektorunda işləyən investorların dəstəklənməsi, bölgələrdə və Bakıda sahibkarlığın inkişafı üzrə tədbirlər keçirilib.

AZPROMO-nun prezidenti Emil Məcidov AB-Tasis layihəsinin nəticələrini müsbət qiymətləndirib, fondun 2006-cı il ərzində fəaliyyəti haqqında məlumat verib və bildirib ki, bu il ixracın və investisiyaların təşviqinə yönəldilmiş 40-dan artıq tədbir keçirilib, halbuki ilin əvvəlində cəmi 20 biznes-forumun keçirilməsi proqnozlaşdırılıb.

Bundan başqa, ixracatçı və idxalçılara müxtəlif xidmətlər göstərilib, bölgələrdə və Bakıda istehsalçıların dəstəklənməsi üzrə tədbirlər keçirilib.

E.Məcidov həmçinin bildirib ki, 2006-cı ildə AZPROMO-nun ilk regional nümayəndəliyi açılıb, bu isə böyük nailiyyətdir. O, mart ayında Lənkəranda yaradılıb.

Onun fikrincə, AZPROMO-nun bölgələrdə təmsil olunması onun inkişafı üçün atılan mühüm addımlardan biridir.

"Biz bilirik ki, daha operativ və effektiv xidmətlər göstərmək üçün müştərilərin yanında olmaq lazımdır", - deyə o bildirib.

2006-cı ildə AZPROMO həmçinin yeni xidmətlər göstərməyə başlayıb, o cümlədən, ilk dəfə ölkədə birbaşa xarici investisiyaların təhlili aparılır və əldə olunmuş məlumat Azərbaycanda investisiya iqlimi haqqında maraqlı faktlar açıb.

Bundan başqa, ölkənin investisiya və ixrac imkanları haqqında operativ məlumat almaq üçün AZPROMO-nun təkmilləşdirilmiş veb saytı yaradılıb və həmin sayt 1 yanvar 2007-ci il tarixindən fəaliyyət göstərməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti