...

Dövlət Baytarlıq Xidmətinin rəhbəri: Azərbaycanda epizootik vəziyyət sabitdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 14:28 (UTC +04:00)
Dövlət Baytarlıq Xidmətinin rəhbəri: Azərbaycanda epizootik vəziyyət sabitdir

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Trend in Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənovla müsahibəsi

- Siz Azərbaycanda "quş qripi"nə qarşı aparılmış mübarizə işlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikasında "quş qripi"nə qarşı aparılan mübarizə Dövlət Baytarlıq Xidmətinin mühüm tədbirlərindən biridir. Xidmət bu xəstəliyə qarşı mübarizəyə hələ 2005-ci ilin avqust ayından başlamışdır. Beynəlxalq Epizootik Büronun tələb və tövsiyələrinə uyğun olaraq verilmiş məlumatlar əsasında qabaqlayıcı tədbir kimi "quş qripi" xəstəliyi qeydə alınmış ölkələrdən quş əti və məhsullarının, eləcə də baytarlıq nəzarətində olan yüklərin gətirilməsini müvəqqəti dayandırmaqla, ölkənin sərhəd keçid məntəqələrində fəaliyyət göstərən baytar nəzarəti məntəqələrini ciddiləşdirilmiş iş rejiminə keçirmişdir. Pezidentin sərəcamı ilə Azərbaycan Respublikasında "quş qripi" xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqnələndirilməsi üzrə Dövlət Komissiyası yaradılıb. Keçən ilin avqust ayından bu günə kimi monitorinq nəticəsində 20 min başdan artıq çöl və ev quşundan götürülmüş nümunələr münayinədən keçirilib və onların heç birində xəstəlik daşıyıcısına təsadüf edilməyib. Keçən il hökmətimiz bu xəstəliyin qarşısının alınması məqsədilə kifayət qədər vəsait ayırdı. Ayrılmış vəsaitə 100-dən artıq nəqliyyat vasitəsi, min tona qədər dezinfeksiyaedici maddələr, qoruycu vasitələr, xüsusi geyimlər, çiləyici qurğular, müayinə diaqnostik avadanlıqları, o cümlədən laboratoriya cihazları, diaqnostikumlar və digər vasitələr alınıb. "Quş qripi" xəstəliyinin qarşısının alınmasında beynəlxalq təcrübəni öyrənmək və müasir diaqnostika metodlarını mənimsəmək məqsədilə ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları müxtəlif vaxtlarda Moskvada, Parisdə, Ankarada, Kiyevdə, Makedoniyada, Qahirədə, Romada, Tehranda və digər xarici ölkələrdə keçirilən simpoziumlarda və treninqlərdə iştirak edib. Onlar bu treniqlərdə uyğun sertifikatlara layiq görülüblər. Məhz bunun nəticəsində indi Respublika Baytarlıq Laboratoriyasında "quş qripi" xəstəliyinin müayinəsi tələb olunan səviyyədə, sərbəst şəkildə aparılır və istənilən halda referens laboratoriyalara göndərilmiş nümunələrin müayinə cavabları buarda alınmış nəticələrlə eynilik təşkil edib və onlar tərəfindən təsdiq olunub.

Azərbaycanda "quş qripi"nə qarşı aparılan tədbirlər bizi razı salsa da, arxayınlaşdırmır. Bu bizi daha diqqətli olmağa səfərbər edir. Bəzi vətəndaşlarımız dərk etmək istəmirlər ki, quşların açıq şəraitdə saxlanılması və çöl quşları ilə təmasda olmasının özü belə təhlükəlidir. Eləcə də çöl və köçəri quşlarıın ovlanılması və bunlardan qida məhsulu kimi istifadə etməsi isə yolverilməzdir. Çünki belə quşlar "quş qripi" xəstəliyinin daşıyıcısı ola bilərlər. Odur ki, insanlarımız bütün qadağalar və qaydalara tam olaraq əməl etməlidir.

- Necə hesab edirsiniz, Azərbaycan üçün "quş qripi" ilə bağlı təhlükə nə zaman azalacaq?

- "Quş qripi" ilə bağlı təhlükə, bu ilin mart ayının axırlarına qədər davam edəcək. Keçən ilin təcrübəsi də bunu təsdiq edir. 2006-cı ildə Ağdam rayonunun Bənövşələr kəndində bir qazda xəstəlik məhz mart ayının 18-də aşkar edilmişdi. Bundan sonra isə ölkəzdə "quş qripi" daşyıcısına nə ev quşları, nə də köçəri quşlar arasında təsadüf olunmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliynin rəsmi məlumatlarına istinad edərək deyə bilərəm ki, mart ayından sonra şimaldan köçəri quşların ölkəmizə miqrasiyası baş vermir. Odur ki, təhlükə həmin dövrdən səngiməyə başlayır. Bəllidir ki, xəstəliyin əsas daşıyıcısı köçəri quşlardır. Bu quşların miqrasiyası olmazsa, "quş qripi" xəstəliyinin baş vermə ehtimalı çox aşağıdır.

- Azərbaycanda 2007-ci ildə vəhşi quşların miqrasiyası ilə bağlı hansı dəyişiklər müşahidə edilir?

- Ötən illə müqayisədə 2007-ci ildə Azərbaycanda quşların miqrasiyası 3 dəfəyədək azalıb. Havaların mülayim keçməsi ilə əlaqədar olaraq daim Azərbaycana uçub gələn quşların da sayı xeyli azdır.

- Dünya Bankı ilə birgə həyata keçirilən layihələrin yerinə yetirilməsi hansı mərhələdədir?

- Dünya Bankının "quş qripi"nə dair Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ilə həyata keçirəcəyi yardım layihəsi hələ danışıqlar mərhələsindədir. Bu mərhələnin ilkin dövrü başa çatmaq üzrədir. Dünya Bankı bizim təqdim etdiyimiz siyahı üzrə 4.5 milyon ABŞ dolları həcmində avadanlıq, cihaz və laboratoriya qurğularını verməsi nəzərdə tutulur. Xatırladım ki, 2006-cı ildə "quş qripi" xəstəliyinə qarşı mübarizədə ölkəmizə Asiya İnkişaf Bankı, ABŞ-ın Bakıdakı səfirliyi, FAO və digər beynəlxalq qurumlar xüsusilə dəstək olub.

- Azərbaycanla qonşu ölkələrdə, Türkiyə və Rusiyada H5N1 virusu aşkar olunub. Göründüyü kimi, təhlükə yaxınlıqdadır. Təşkilatınız tərəfindən hansı gücləndirilmiş tədbirlər həyata keçirilir?

- Rusiya və Türkiyədə "quş qripi"nin H5N1 tipləri qeydə alındıqdan dərhal sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qanuvericiliyə müvafiq olaraq həmin ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə diri quş və onun məhsulları, heyvan mənşəli məhsullar, yem və yem əlavələri və baytarlıq nəzarətində olan yüklərin gətirilməsini müvəqqəti dayandırıb. Həmin ölkələrdə epizootik vəziyyət sabitləşdikdən sonra bu məsələyə baxıla bilər.

- "Quş qripi"nə qarşı mübarizədə hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq aparılır və bu, nə dərəcədə effektlidir?

- Biz təkcə "quş qripi" xəstəliyi ilə deyli, digər yoluxucu xəstəliklərlə mübarizədə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və bir çox ölkələnin dövlət baytarlıq xidmətləri ilə sıx əməkdaşlıq edirik. Görülən tədbirlər bu beynəlxalq təşkilatlarla əlaqəli şəkildə həyata keçirilir. Qeyd edim ki, hazırda "quş qripi" xəstəliyinə görə respublikada epizootik vəziyyət sabit olmaqla Dövlət Baytarlıq Xidmətinin nəzarətindədir.

Xəbər lenti

Xəbər lenti