...

Niderland bankının prezidenti Gürcüstana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 16:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstan Milli Bankının prezidenti Roman Qotsiridzenin dəvəti ilə mayın 21-23-də Niderland Krallığının Milli Bankının prezidenti Nout Velink Tbilisiyə gələcək. Bu barədə Gürcüstan Milli Bankından verilən məlumatda deyilir.

"Banklarımız arasında yaxşı əməkdaşlıq ənənələri var. Bir çox gürcü mütəxəssisi məhz bu bankda ixtisasartırmadan keçib. Bizim üçün hollandiyalı həmkarlarımızın dəstəyi çox vacibdir. Ona görə də belə bir maliyyəçinin Gürcüstana səfəri çox önəmlidir" - deyə Qotsiridze bildirib.

Səfərin ilk günündə iki bankın prezidentinin görüşü planlaşdırılır. Həmin görüşdə Gürcüstan və Hollandiya bank sistemləri arasındakı əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə ediləcək.

Görüşdən sonra bank prezidentləri jurnalistlər üçün birgə brifinq keçirəcəklər. Səfər çərçivəsində Velinkin Gürcüstan baş naziri Zurab Noqaideli ilə görüşü də nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Gürcüstan Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Niderland qrupunun üzvüdür. Qrup özündə Avropa və Asiya regionunun 12 ölkəsini birləşdirir.

Xəbər lenti

Xəbər lenti