Azərbaycan, Bakı, 25 fevral / " / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 500 mln. dollar həcmində sindikatlaşdırılmış kredit əldə edib. ARDNŞ-ın məlumatında bildirilir ki, bu, Azərbaycan şirkəti tərəfindən zəmanətsiz alınan ilk iri kreditdir.
Kreditin təşkilatçıları qismində "Citibank" (ABŞ) və "ABN Amro" (Hollandiya) çıxış edir. Vəsait verən bankların sırasına "BNP Paribas SA", "Calyon", "Cooperatieve Centrale Raiffeisen - Boerenleenbank B.A.", "JP Morgan Chase Bank N.A.", "Societe Generale", "Sumitomo Mitsui Banking Corporation Europe Limited", "The Bank of Tokyo - Mitsubishi UFG Ltd" və "Akbank"ın Malta filialı daxildir. İlkin mərhələdə kreditin məbləği 300 mln. dollar nəzərdə tutulurdu, lakin sonda o, 500 mln. dollara qədər qaldırılıb.
Kredit Libor+1,75 faiz dərəcəsi ilə üç il müddətinə verilib. Bu vəsait şirkət layihələrinin ölkə daxilində və xaricində reallaşdırılması, o cümlədən Türkiyənin "Petkim" neft-kimya kompleksinin özəlləşdirilməsi layihəsi üzrə iş çərçivəsində sərf olunacaq.