Azərbaycan, Bakı, 17 mart / Trend , S.Əliyev/ Bakıda bazar ertəsi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ilə Yunanıstanın inkişaf naziri Xristos Filias arasında danışıqların yekunu üzrə bəyannamə imzalanıb. Sənəd Azərbaycan qazının Yunanıstana tədarükü, energetika sektorunun digər sahələri, o cümlədən sənaye sahəsində əməkdaşlıq üzrə məsələləri əks etdirir.
Əliyev bildirib ki, 2008-ci ildə Azərbaycan təxminən 28 mlrd. kub metr qaz hasil edəcək. Bu həcmin təxminən 8 mlrd. kub metri Azərbaycan Dövlət Neft Şirkətinin şəxsi yataqları üzrə hasilatın, 14 mlrd. kub metri "Azəri"-"Çıraq"-"Günəşli" yatağından hasil ediləcək səmt qazının və 8 mlrd. kub metri "Şah Dəniz" qaz kondensat yatağının payına düşəcək.
"Bu gün Azərbaycan böyük qaz ehtiyatlarına malikdir. Yeni yataqların açılma ehtimalı böyükdür" - deyə nazir bildirib. Bu, "Naxçıvan", "Zəfər-Məşəl" kimi yataqlara aiddir. "Azəri"-"Çıraq"-"Günəşli" yatağı dərinliyində mövcud olan qaz ehtiyatları 500 mlrd. kub metr həcmində qiymətləndirilir.
Yunanıstan naziri ilə görüş zamanı Azərbaycan qazının bu ölkəyə tədarükü məsələsi və Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunub. Tərəflər həmçinin nefq-qaz sektoru, alternativ və yenilənən enerji mənbələri, qeyri-neft sektorunun inkişafı sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Yunanıstanın inkişaf nazirini müşayiət edən nümayəndə heyətinin tərkibinə Yunanıstanın Dəniz Nəqliyyatı Nazirliynin baş katibi, Yunanıstanın Strategiya və Energetika Milli Şurasının prezidenti, DEPA şirkətinin Direktorlar Şurasının sədri, Alternativ Enerji Mənbələri Mərkəzinin rəhbəri və Yunanıstan Ərzaq Təşkilatının sədri daxildir.