...

Azərbaycan, İran, Rusiya, Türkiyə, Gürcüstan və Türkmənistan dairəvi elektrik mübadiləsi sistemi yaratmaq niyyətindədirlər – nazir (video)

Energetika Materials 17 İyun 2008 15:05 (UTC +04:00)
Azərbaycan, İran, Rusiya, Türkiyə, Gürcüstan və Türkmənistan dairəvi elektrik mübadiləsi sistemi yaratmaq niyyətindədirlər – nazir (video)

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir S.Əliyev/ Payızda Azərbaycan, İran və Rusiya Şimal-Cənub enerji dəhlizinin yaradılması, bu ölkələrin elektrik enerjisi sistemlərinin sinxronlaşdırılması və elektrik enerjisi mübadiləsinin təşkil edilməsi haqqında saziş imzalamaq niyyətindədirlər. Bu barədə çərşənbə axşamı Bakıda, İranın energetika naziri Pərviz Fattahla görüşün yekunları üzrə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

"Protokol artıq hazırlanıb və hazırda razılaşdırılır. Bu məsələ üzrə İran və Azərbaycanın mövqeləri tam olaraq üst-üstə düşür", - azərbaycanlı nazir bildirib.

Nazirin sözlərinə görə, hazırda tərəflər daha miqyaslı layihəni - Azərbaycan (o cümlədən Naxçıvan Muxtar Respublikası), İran, Türkiyə, Gürcüstan və Rusiya arasında dairəvi elektrik mübadiləsi sisteminin yaradılması layihəsini nəzərdən keçirirlər. Türkmənistan da bu sistemə qoşulmaq arzusunu bildirir.

Belə sistemin yaradılması yalnız ölkələr arasında enerji mübadiləsi aparmağa deyil, həm də enerjinin Avropaya ixracını həyata keçirməyə imkan verəcək. Azərbaycan Türkiyə bazarına çıxmaq üçün imkan əldə edəcək.

Hazırda Azərbaycan İranla enerji mübadiləsinin 700 MVt-dək artırılması üçün birgə layihə həyata keçirir. Layihənin başa çatması qış dövründə Naxçıvan Muxtar Respublikasına 150 MVt, ümumilikdə Azərbaycanın enerji sisteminə isə 400 MVt elektrik enerjisi tədarük etməyə imkan verəcək.

Proqram İranın "Sunir şirkəti" ilə birgə realizə edilir. Proqrama 330 kilovoltluq Əli Bayramlı İES - İmişli EÖX-in, İmişi-Parsabadın ikinci xəttinin, 220 kilovoltluq Əli Bayramlı İES - Salyan, Salyan - Masallı, Masallı - Astara EÖX-in, həmçinin "Salyan" yarımstansiyasının tikintisi və daha dörd yarımstansiyanın genişləndirilməsi daxildir. EÖX-in ümumi uzunluğu 350 km təşkil edəcək.

Bu layihə Rusiya, Azərbaycan və İranın elektrik enerjisi sistemlərinin sinxronlaşdırılması çərçivəsində həyata keçirilir.

Yeni 500 kilovoltluq elektrik ötürücü xəttin (EÖX) tikintisi haqqında sənəd Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvilinin, həmçinin Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın 2007-ci il fevralın 7-də Tbilisidə keçirilən görüşləri zamanı imzalanıb. Layihə bu ölkələr arasında elektrik enerjisi mübadiləsini nəzərdə tutur.

Əvvəllər Azərbaycan və Türkmənistan qarşılıqlı elektrik enerjisi mübadiləsi üçün Xəzərin dibi ilə kabelin çəkilməsi məsələsini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti