...

Səudiyyə Ərəbistanı neftin qiymətinin aşağı düşməsinə yardım edəcək – britaniyalı ekspert

Energetika Materials 17 İyun 2008 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir A.Bədəlova / Britaniyanın iqtisadi tətqiqatlar üzrə "Capital Economics Ltd" Konsaltinq Şirkətinin beynəlxalq iqtisadçısı Hüqo Navarro (Hugo Navarro) hesab edir ki, iyulda Səudiyyə Ərəbistanının neft tədarüklərini artırması neftin qiymətinin aşağı düşməsinə böyük təsir göstərəcək.

BMT-nin Baş katibi Pan Qi Mun Səudiyyə Ərəbistanı Neft və Mineral Ehtiyatlar naziri Əli an-Nueymi ilə bazar günü görüşü zamanı bildirdiyinə əsasən, Səudiyyə Ərəbistanı iyulda neft hasilatını sutkada 200 min barel artıraraq, 9,7 mln. barelə çatdıracaq. Neft hasilatının artırılması qərarını Səudiyyə Ərəbistanı iyulun 22-də neftin əsas istehsalçıları və isteslakçıları sammitində bəyan etmək niyyətindədir. Sammitdə neftin yüksək qiymət səbəbləri və həlli məsələləri müzakirə olunacaq.

Əvvəllər OPEK bəyan edib ki, 2008-ci ilin sentyabr ayınadək neft hasilatını artırmaq fikrində deyil. Kartelin rəyinə əsasən, neft hasilatının artırılmasına lüzum yoxdur və neftin yüksək qiymətləri neft çatışmazlığından deyil, neft bazarında möhtəkirlik və dolların zəif olmasındandır.

Navarronun çərşənbə axşamı Trend -a bildirdiyinə görə, Səudiyyə Ərəbistanının qərarı iki başlıca səbəb üzrə neft qiymətlərinə təsir göstərəcək.

"Birincisi, neft hasilatının artırılması "Xursaniya" yatağının işlənməsinin tamamlananda baş verəcək", - deyə Navorro bildirib. "Xursaniya"nın inkişafı ölkədə neft hasilatını sutkada 500 min barel artırmağa imkan verəcək. Hazırda ölkə sutkada 9,45 mln. barel neft hasil edir.

"Bu göstərir ki, Səudiyyə Ərəbistanı ölkənin potensial neft hasilatını azaltmadan, onu sutkada yarım milyon barel artıra bilər", - deyə Navarro bildirib.

Onun sözlərinə əsasən, potensial hasilatının aşağı səviyyəsi neftin qiymətinin artmasında əsas faktor olub. Belə ki, tədarük pozularsa, hasilatın eyni səviyyədə qalmayacağı qorxusu yaranır.

"İkinci səbəb isə, bazarda ən çox tələb olunan yüksək keyfiyyətli neftin tədarükü olacaq", - deyə iqtisadçı bildirib.

Navarronun dediyinə görə, tələb- təklif şərtləri, yüksək keyfiyyətli neft növündən asan hazırlanan benzin kimi məhsullar üçün ağırdır. Beləliklə, bu növlü neftin qiyməti artır, lakin Səudiyyə Ərəbistanının potensial hasilatının böyük hissəsini təşkil edən aşağı keyfiyyətli neftin qiyməti aşağı düşür.

Nyu-Yorkun "NYMEX" birjasında Amerikanın "WTI" markalı yüngül neftinə iyul fyuçerslərinin dəyəri $0,25 aşağı düşərək, bir barel üçün $134,61 təşkil edib. Londonun "ISE" birjasında "Brent" markalı neftinə iyul fyuçerslərinin qiyməti $0,40 aşağı düşərək, bir barel üçün $134,71 təşkil edib.

Navarronun fikrinə görə, Səudiyyə Ərəbistanı neft hasilatını əvvəllər bəyan olunduğu kimi, sutkada 200 min barel deyil, 250 min barel artıracaq.

"Bu, qısa müddət perspektivində qiymətlərin stabilləşdirilməsinə kömək edəcək. Lakin dollar əvvəlki vəziyyətinə qayıtmasa, qiymətlərin aşağı düşməsi əhəmiyyətli dərəcədə hiss olunmayacaq", - deyə Navarro bildirib. Onun sözlərinə görə, bu bir neçə ay vaxt tələb edə bilər.

"Lakin buna baxmayaraq, biz neft qiymətlərinin ilin sonunadək kəskin şəkildə, bir barel üçün 100 dollaradək aşağı düşəcəyini gözləməkdə davam edirik", - deyə o qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti