Azərbaycan, Bakı, 12 noyabr/ Trend / "ABŞ enerji ehtiyatlarının Xəzər hövzəsindən şərq, qərb, şimal və cənuba tədarükünə imkan yaradan müstəqil, kommersiya baxımından stabil və rəqabətli enerji yollarının yaradılmasını əvvəlki kimi dəstəkləyir". ABŞ-ın Azərbaycandakı səfirliyinin çərşənbə günü yayılan məlumatında bildirilir ki, bu barədə ABŞ-ın Enerji Departamentinin katibi Samuel Bodman vurğulayıb.
"Şübhəsiz ki, bu regionun enerji potensialının düzgün idarə olunması regionda yaşayan xalqlar və maraqlar üçün ciddi iqtisadi artımı təmin edəcək. Biz əlverişli investisiya mühitini təbliğ etməklə Qərb bazarlarına neft və qaz nəqlinin təmin edilməsi üçün əlavə enerji layihələri və etibarlı boru kəmərləri şəbəkəsinin yaradılmasına ümid edə bilərik", - deyə Bodman bildirib.
ABŞ-ın Enerji Departamentinin katibi IV Enerji Sammitində iştirak etmək üçün Amerika nümayəndə heyətinin rəhbəri qismində Azərbaycana səfər edəcək və burada "Cənub enerji dəhlizi"nin inkişafı, Orta Asiya və Xəzər neft və qazının dünya bazarlarına tədarükü üzrə Vaşinqtonun öhdəlikləri müzakirə olunacaq.
Tərəflər sammitdə enerji ehtiyatlarının tədarükü mənbələrinin və tranzit yollarının diversifikasiya imkanları, həmçinin enerji ehtiyatları bazarının rəqabətqabiliyyətliyinin artırılması məsələlərini nəzərdən keçirmək niyyətindədirlər.
İlk Enerji Sammiti 2006-cı ilin mayında Krakovda, ikinci ötən ilin noyabrında Litva paytaxtında, üçüncü isə cari ilin mayında Kiyevdə keçirilib.