...

Türkmənistan Avropada öz qazı üçün bazar tapacaq - Nabucco Gas Pipeline International-ın rəhbəri

Energetika Materials 21 Yanvar 2009 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir A.Bədəlova/ Nabucco Gas Pipeline International hesab edir ki, Türkmənistan Avropada öz qazı üçün bazar tapacaq, - "Nabukko" Konsorsiumunun idarəçi direktoru Reynhard Mitçek "Azad Avropa" radiosuna müsahibədə bildirib. Müsahibə Konsorsiumun rəsmi saytında yerləşdirilib.

"Biz gümanlarımızı davam etdiririk ki, Avropaya marşrutumuz yalnız Azərbaycan deyil, Türkmənistan üçün də maraq kəsb edir. Axı, qaz alıcıları tədarüklərin diversifikasiya imkanlarını axtardıqları kimi, Azərbaycan, Türkmənistan və digər ölkələrdə qaz istehsal - ixrac edən istehsalçılar ixrac marşrutlarının diversifikasiyasi imkanlarını axtarırlar", - Mitçek deyib.

Onun sözlərinə görə, bu, ehtiyatların dəyərliliyini artırır, eləcə də bu ölkələrin iqtisadiyyatının inkişafına yardım göstərir.

Nabucco Gas Pipeline International qısamüddətli və ya ortamüddətli perspektivdə Türkmənistandan qaz almağı nəzərdə tutmur, - Miçek deyib. Onun sözlərinə görə, Aşqabad uzunmüddətli və ortamüddətli perspektivdə istehsalat və boru kəməri infrastrukturuna sərmayə yatıracaq.

Mitçekin sözlərinə görə, hazırda Avropaya üç əsas qaz ixracı ehtiyatı var - Rusiya, Şimal dənizi və Şimali Afrika.

"Avropada qaz istehlakı artacaq. Mərkəzi Asiya və Yaxın Şərqdə nəhəng  qaz ehtiyatları var və biz "Nabukko" layihəsinin realizəsi ilə bu ehtiyatları istehlakçılarla əlaqələndirmək istəyirik", - Mitçek deyib.

Dəyəri 12,4 mlrd. dollar olan "Nabukko" qaz kəməri ilə 2013-cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Avropa Ittifaqı ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010 - cu ilə təyin edilib. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Aİ-yə sədrlik edən Çexiyanın təklifinə əsasən, yanvarın 26 - 27 - də Budapeştdə "Nabukko" layihəsinin perspektivlərinə həsr olunmuş sammit baş tutacaq.

Mitçekin sözlərinə görə, sammit layihədə iştirak edən ölkələrin liderlərini, Avropa Komissiyasını və Türkmənistanla Azərbaycan daxil olmaqla, Mərkəzi Asiya dövlətlərini  ideya mübadiləsi və dəstək məqsədilə bir araya yığmaq üçün müstəsna imkandır.  Sammitdə Avropa İnvestisiya Bankı və AYİB də iştirak edəcək.

"Güman edirəm ki, sammit layihəyə real dəstək göstərəcək və onu gələcəkdə inkişaf etdirmək üçün yaxşı imkan olacaq", - Mitçek əlavə edib.

Xəbər lenti

Xəbər lenti