...

SOCAR istilik effekti yaradan qazların utilizasiyasını aparır

Energetika Materials 2 Fevral 2009 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral/ Trend /

SOCAR 2008-ci ildə Kioto protokolu çərçivəsində "Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) sahələrində istilik effekti yaradan 17,3 milyon kubmetr qazı (əsasən karbon və metan qazları) utilizasiya edib, - SOCAR-ın Ekologiya İdarəsinin bazar ertəsi yayılmış məlumatında deyilir.

Yataqlardan ayrılan səmt qazının təxminən 90 faizini metan təşkil edir.

NQÇİ-nin sahələrində utilizasiya edilmiş qazların 9,3 milyon kubmetri 1517 saylı sahənin payına düşüb. Burada dörd vakuum kompressoru quraşdırılıb. Qalan 8,2 milyon kubmetr qaz üç kompressorun quraşdırıldığı 2192 saylı sahənin payına düşüb.

"Neft Daşları" dəniz yatağında səmt qazının utilizasiyası məqsədilə NQÇİ-nin 2164 saylı sahəsində də altı vakuum kompressoru quraşdırılmış və hər il təxminən 31 milyon kubmetr qaz utilizasiya edilirdi. 2006-2007-ci illərdə 2181 saylı sahədə üç kompressor quraşdırılaraq hər il 10 milyon kubmetr qaz utilizasiya olunurdu.

Səmt qazlarının utilizasiyası davam etdiriləcək, - məlumatda deyilir. Kioto protokolu 1997-ci ildə imzalanıb. Onun imzalanmasında məqsəd istilik effekti yaradan qaz tullantıları həcmlərinin planetdə iqlim dəyişmələrinə təsir göstərə bilmədikləri səviyyəyədək azaldılmasıdır. Azərbaycan 2000-ci ildə bu protokolu təsdiq edib.

Xəbər lenti

Xəbər lenti