Azərbaycan, Bakı, 25 fevral / Trend , E.İsmayılov /
"2009-cu ildə Gürcüstana bir milyard kubmetr həcmində sosial məqsədli qaz tədarük olunacaq ki, onun da təxminən 50 faizi SOCAR-a məxsus (Azərbaycan Dövlət Neft Şirkəti) "mavi yanacağı"n payına düşür", - çərşənbə günü SOCAR Energy Georgia-nın (SOCAR-ın törəmə şirkəti) rəhbəri Mahir Məmmədov bildirib. Qazın qalan hissəsini isə Gürcüstan Bakı-Tbilisi-Ərzurum kəməri və Rusiyadan Ermənistana ötürülən tranzit qazın hesabına əldə edəcək.
"Dünya maliyyə böhranı səbəbindən bu rəqəmlərdə 5-10 faizə qədər dəyişiklik ola bilər", - Məmmədov deyib.
İxrac olunacaq kommersiya qazının həcmi təxminən 200-300 milyon kubmetr təşkil edəcək.
"Məncə, 200 milyon kubmetrdən az olmayacaq", - Məmmədov bildirib.
Gürcüstandakı iqlim şəraitinin yaxşılaşması səbəbindən sosialyönlü qazın istehlakı xeyli azalıb. Hazırda SOCAR hər gün bu ölkəyə təxminən iki milyon kubmetr qaz ixrac edir.
"Gürcüstana sutkalıq qaz ixracının həcmi mövsüm və iqlim şəraitindən asılı olaraq dəyişir. Bizim gündə yeddi milyon kubmetr qaz tədarük etmək imkanımız var ki, artıq dekabrda bunu etmişik", - Məmmədov qeyd edib.
Ümumilikdə, 2008-ci ildə [qaz tədarükü apreldə başlayıb] SOCAR şirkəti Gürcüstana 710 milyon kubmetr qaz ["Şahdəniz" yatağından çıxarılan qaz da daxil olmalqa] tədarük edib", - Məmmədov əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]