...

OPEK-in hasilat kvotalarının saxlanılması ilə bağlı qərarı düşünülmüşdür - beynəlxalq ekspertlər

Energetika Materials 16 Mart 2009 21:49 (UTC +04:00)
OPEK-in hasilat kvotalarının saxlanılması ilə bağlı qərarı düşünülmüşdür - beynəlxalq ekspertlər

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir A.Bədəlova/  Neft ixracatçı-ölkələri təşkilatı dünya neft bazarında qeyri-sabit durumun hökm sürməsinə baxmayaraq bu dəfə hasilat həcmini azaltmamaq qərarına gəlib. Martın 15-də Vyanada keçirilən iclasda kartel üzvləri əvvəllər bəyan edilən azaldılmaları tam icra etmək niyyətini ifadə ediblər. OPEK-in hazırkı hasilat səviyyəsi sutkada 24,8 milyon barel təşkil edir.

Hasilat kvotalarını əvvəlki kimi saxlamaq qərarını OPEK qiymətləri nəzarətdə saxlamaq üçün artıq yetərincə azaldılmaların edildiyi ilə izah edib. Baş katib Abdullah Badrinin səsləndirdiyi digər səbəb hazırda o qədər də yaxşı günlər yaşamayan dünya iqtisadiyyatına təzyiqi gücləndirməmək istəyi ilə bağlıdır. Öncə OPEK tərəfindən neft hasilatı həcminin azaldılmasının dünya iqtisadiyyatına mənfi təsirindən ABŞ energetika naziri Stiven Çu danışmışdır.  

Kartelin dekabrdakı iclasında verilən qərara görə, 2009-cu ilin yanvarın 1-dən neft hasilatının sutkalıq həcmi 4,2 milyon barelədək azaldılıb. Ötən ilin sentyabrında müvafiq rəqəm 29,045 milyon barel olub. Lakin ilin əvvəlindən real azalma sutkada 2,2 milyon barel təşkil edib.

İclasdan öncə OPEK üzvləri arasında kvotaların azaldılmasının zəruriliyi ilə bağlı vahid rəy yox idi. İranla Venesuela, habelə Əlcəzairlə Anqola azaldılmanın tərəfdarı idilər. Səudiyyə Ərəbistanı isə əksinə azaldılmaların əleyhinə çıxış edirdi. O bunu öncəki öhdəliklərin yerinə yetirilməsinin vacibliyi ilə əsaslandırırdı.

OPEK-in qərarından dərhal sonra dünya bazarında neft qiymətləri beş faizə yaxın enib. Beynəlxalq analitiklərin fikrincə, bu gün aşağı qiymətlərin əsas səbəbi neftə zəif tələbatın olmasıdır.

ABŞ-ın iri banklarından biri olan JPMorgan-nın analitiklərinin fikrincə, OPEK-in hasilatın azaldılması ilə bağlı növbəti qərarı elə bir şəkildə qəbul edilə bilərdi ki, sanki istehsalçı-dövlətlər neftə zəif tələbatın davam etməsini gözləyirlər.

Analitiklər hesab edir ki, dünya bazarında neft qiymətləri yenə də dünya iqtisadiyyatındakı durumdan asılıdır.

"Makroiqtisadi sahədə yaxşılaşma müşahidə edilməyincə, qiymətlərin artımı məhdud çərçivədə qalacaq", - deyə bazar ertəsi günü Trend -a elektron poçtla JPMorgan-nın analitik Lourens İqls (Lawrence Eagles) bildirib.

Bankın proqnozlarına əsasən bu il neft qiymətləri 43 dollar (bir barel) səviyyəsində qalacaq. WTI markalı neftin orta qiyməti 43,25 dollar (barel), Brent markalı neftin qiyməti isə - 43,75 dollar (barel) olacaq.

Britaniyanın iqtisadi araşdırmalar üzrə konsaltinq şirkəti Capital Economics-in baş beynəlxalq iqtisadçısı olan Culian Cessopun (Julian Jessop) proqnozlarına görə, neft qiymətləri həm bu il, həm də gələn il 40 dollar (bir barel) civarında qalacaq. Onun fikrincə, qiymətlərin artımı 2010-cu ildə, dünya iqtisadiyyatı bərpa olunduqdan sonra başlaya bilər.

Analitiklərin fikrincə, OPEK-in neft hasilatına dair kvotaların dəyişikliksiz saxlanılması haqda qərarı doğrudur və yetərincə düşünülmüşdür.

"İclasın yekunu Səudiyyə Ərəbistanının ötən həftə dünya iqtisadiyyatının əvvəlki səviyyəsinin bərpasının vacibliyi ilə bağlı səsləndirdiyi niyyəti tam şəkildə ifadə edir. Həmçinin üzv-ölkələrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı təzyiqlərin edildiyini göstərir. Bu gün neftin qiymətini 10 dollar (bir barel) artırmaqdansa, dünya iqtisadiyyatını dircəltmək daha önəmlidir" - deyə İqls vurğulayıb.

Xəbər lenti

Xəbər lenti