Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir A.Bədəlova /
Dünyanın ən böyük Amerika banklarından olan JPMorgan-ın analitiklərinin fikrincə, 2010-cu il üçün Amerikanın WTI markalı neftinin qiyməti 57,5 dollar təşkil edəcək.
Bankdan Trend -a bildiriblər ki, WTI markalı neftin qiymətinin yüksək həddi bir barel üçün 60 dollar olmaqla gələn ilin üçüncü və dördüncü kvartallarında müşahidə ediləcək.
JPMorgan analitiklərinin proqnozlarına əsasən, cari ildə WTI markalı neftin orta qiyməti bir barel üçün 49,38 dollar təşkil edəcək. İlin dördüncü kvartalında isə bu rəqəm 55 dollara çatacaq.
Bank analitiklərinin fikrincə, Şimal dənizinin Brent markalı neftinin qiyməti 2009-cu ildə bir barel üçün 50,5 dollar səviyyəsində olacaq. İlin dördüncü kvartalında isə Brent-in qiyməti bir barel üçün 56 dollaradək yüksələcək. JPMorgan analitiklərinin proqnozlarına görə, 2010-cu ildə Brent markalı neftin orta qiyməti bir barel üçün 57,5 dollara yüksələcək.
Dünya bazarında neft qiymətləri dörd həftəlik maksimuma çatıb. Mayda təchiz ediləcək WTI markalı neftin bir barelinin maksimal qiyməti bu həftə Nyu-York birjasında 54,34 dollar təşkil edib. May ayında çatdırılacaq Brent markalı neftin bir barelinin orta qiyməti isə London birjasında 53,46 dollar təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]