Azərbaycan, Bakı, 19 may / Trend , müxbir E.İsmayılov, Ü.İsmayılova /
"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə birinci mərhələ çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə üçün qiyməti artacaq. Bu barədə çərşənbə axşamı Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib.
"Qiymətlər, əlbəttə qalxacaq, lakin nə qədər artacağı şirkətlərarası kommersiya məsələsidir", - deyə Cavadov bildirib.
Onun sözlərinə görə, Türkiyənin Botas boru kəməri şirkəti ilə danışıqlar davam etdirilir və "ehtimal ki, müsbət nəticə əldə olunacaq".
Bu gün Azərbaycan qazının 1000 kubmetri Türkiyəyə 120 dollara satılır. Bununla yanaşı, Türkiyənin daxili bazarında istehlakçılar üçün qazın 1000 kubmetrinin dəyəri təqribən 380 dollar təşkil edir. Türkiyə ilə bağlanan müqavilədə göstərildiyi kimi, "Şahdəniz"dən çıxarılan qazın qiyməti tədarükə başlandıqdan bir il sonra yenidən nəzərdən keçirilə bilər, yəni yeni qiymətlər 2008-ci il 15 aprel tarixindən hesablanaraq tətbiq ediləcək.
Müqaviləyə əsasən, Türkiyə "Şahdəniz" layihəsinin işlənməsi üzrə birinci mərhələ çərçivəsində bu yataqdan 6,6 mlrd. kubmetr qaz əldə etməlidir. Layihə üzrə tərəfdaşlar artıq bu il bu tədarük həcminə nail olacaqlar.
"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]