Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.İsmayılov /
"Hazırda Bakının qaz sisteminə "Bakqaz" İB tərəfindən verilən sutkalıq qaz verilişinin həcmi 4,2 milyon kubmetrdir. Martda bu rəqəm 8 milyon kubmetr olub", - cümə günü İB-dəki mənbə deyib.
Mənbənin sözlərinə görə, hava şəraitinin yaxşılaşması səbəbindən paytaxtda abunəçilər tərəfindən qaz istehlakı azalır və hazırda bu rəqəm 4,2 milyon kubmetr təşkil edir. Mayın əvvəlində bu göstərici təxminən 6,7 milyon kubmetr təşkil edirdi.
Yanvar-aprel aylarında Bakının qaz sisteminə təqribən 1,3 mlrd. kubmetr məişət qazı verilib. Apreldə paytaxtın qaz sisteminə təxminən 226 milyon kubmetr qaz verilib. Martda bu rəqəm 348 milyon kubmetr olub.
2008-ci ildə İB tərəfindən Bakının qaz sisteminə təqribən 2,45 mlrd. kubmetr qaz verilib.
Ötən il İstehsalat Birliyi şəhərin qaz sisteminə qaz verilişi üzrə mövsümi rejimdən (yay və qış mövsümləri) tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçıların tələbatı ilə müəyyən edilir. Mövsümi rejimin tətbiq edilməsi əhalinin əksəriyyətində qaz sayğaclarının olmaması ilə bağlı idi, bunun nəticəsində əhali qazdan səmərəsiz istifadə edirdi. Mənbə hazırda Bakı qaz şəbəkəsi abunəçilərinin 100 faizinin sayğacla təmin edildiyini bildirib.
Əvvəlki illərdə İstehsal Birliyi aprelin ortalarında yay iş rejiminə keçirdi. Bu dövrdə abunəçilərə qaz verilişi qış mövsümü ilə müqayisədə azaldılırdı. Qış dövrünə keçid noyabrın 15-dən həyata keçirilirdi. Yay mövsümündə sutkalıq qaz verilişi 3-4 mln. kubmetr, qışda isə 10-13 mln. kubmetr təşkil edirdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]