"Rusiyadan yan keçərək Xəzər hövzəsindən təbii qazın Avropaya tədarükünü nəzərdə tutan "Nabukko" layihəsi üzrə hökumətlərarası müqavilə iyulun 13-də Ankarada imzalanacaq", - cümə günü "Reuter" agentliyi Rumıniyanın iqtisadiyyat naziri Adrian Vidyanuya istinadən məlumat verib.
Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə qaz ixrac etmək nəzərdə tutulur. O, artıq mövcud "Bakı-Tbilisi-Ərzurum" qaz kəmərinin davamı olacaq və illik nəql gücü 20-30 milyard kubmetrə bərabərdir. Qaz kəmərinin 2/3-si Türkiyə ərazisindən salınacaq. Bu barədə RİA Novosti yazır.
"Nabukko" üzrə danışıqlar illərdir davam edir və onun əsas maddələrindən biri magistralın qazla doldurulması təminatıdır. Onlar 2009-cu ilin başlanğıcında fəallaşıb, səbəb isə rus-ukrayna qaz münaqişəsinin qızışması olub. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək.
"Nabukko" üzrə müqavilə iyulun 13-də Türkiyədə imzalanacaq", - Vidyanu agentliyə telefonla, ikigünlük səfərdə olduğu Azərbaycandan deyib.
Türkiyə KİV-i məlumat verirdi ki, layihə üzrə müqavilənin iyunun 25-də Ankarada imzalanması planlaşdırılırdı. Ancaq sonra imzalanma tarixini iyulun 15-nə qədər ertələndi.
Bugünlərdə türk mətbuatında kəmərin qazla doldurulması probleminin həll olunmaması üzündən müqavilənin imzalanmasının daha gec vaxta ertələnə biləcəyi barədə məlumatlar çıxmağa başlamışdı.
"Reuter" agentliyi sənədin imzalanmasını gecikdirən problemlər içərisində həmçinin böyük karbohidrogen ehtiyatlarına malik olmayan Türkiyənin nəql olunan qazın 15 faizinin daxili istehlak və ya yenidən ixrac üçün əldə etmək istəməsini görür.
Rumın nazirin sözlərinə görə, "15 faizlik məsələ həll olunub". "Bildiyimə görə, məsələ həllini tapıb, amma onun təfərrüatları mənə məlum deyil", - agentlik Vidyanudan sitat gətirir.
"Nabukko" üçün potensial enerji daşıyıcıları mənbələri arasında Azərbaycan, Türkmənistan, Özbəkistan, İran və İraqın adları çəkilir. ABŞ İranın iştirakına etiraz etməklə yanaşı, İraq qazının Avropaya çıxışını dəstəkləyir.
Rusiyada yaxın illərdə "Nabukko" layihəsinin realizəsinə nikbin yanaşmırlar.
Əvvəlcə Aİ xətti ilə "Nabukko"nun maliyyələşdirilməsi üçün 250 milyon dolların ayrılması nəzərdə tutulurdusa, indi bu rəqəm 50 milyon dollara qədər azaldılıb.
Türkiyə KİV-in məlumatına görə, "Nabukko"nun maliyyələşdirilməsi məsələsi üzrə yekun qərar 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlində qəbul ediəcək.