...

Azərbaycan və Türkmənistan arasında fikir ayrılığı beynəlxalq vasitəçilik yolu ilə həll edilməlidir - Qərb eksperti

Energetika Materials 28 İyul 2009 13:59 (UTC +04:00)
Azərbaycan və Türkmənistan arasında fikir ayrılığı beynəlxalq vasitəçilik yolu ilə həll edilməlidir - Qərb eksperti

ABŞ, Vaşinqton, 28 iyul / Trend , müxbir N.Boqdanova /

Amerikanın Medly Global Advisors mərkəzinin Şərqi Avropa və Xəzər regionu üzrə analitiki Kaan Nazlı (Kaan Nazli) hesab edir ki,  Azərbaycan və Türkmənistan arasında Xəzərdə sərhəd yataqlarına dair fikir ayrılığı beynəlxalq arbitraj məhkəməsində deyil, beynəlxalq vasitəçilk yolu ilə həll edilməlidir.

"Azərbaycan, eyni zamanda Türkmənistan ilə sıx tarixi, etnik, mədəni və siyasi əlaqələri nəzərə alaraq bu məsələdə daha uğurlu vasitəçi Türkiyə ola bilər",  - Nazlı Trend -ın Vaşinqtondakı xüsusi müxbirinə bildirib.

Ötən həftə Türkmənistan Prezidenti Qurbaqnqulı Berdımuhəmmədov hökumət iclasında bəyan edib ki, Azərbaycan və Türkmənistan arasında ilk növbədə Xəzərin sərhəd yataqlarının delimitasiyası məsələsi ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün beynəlxalq arbitraj məhkəməsi vacibdir. Onun sözlərinə əsasən, "arbitraj məhkəməsinin qərarı Türkmənistan tərəfindən qəbul ediləcək".

Nazlının fikrincə, bu məsələ Türkiyənin iştirakı ilə qarşılıqlı dialoq şəklində həll edilə bilər, lazım gəldikdə vasitəçilik prosesində Avropa İttifaqı da iştirak edə bilər.

Azərbaycan və Türkmənistan bu gün Türkiyə ərazisindən keçməklə Xəzər regionundan  Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutan "Nabukko" qaz kəməri üçün potensial xammal mənbələri qismində nəzərdən keçirilirlər.

"Azərbaycan və Türkmənistan regional enerji təhlükəsizliyi və diversifikasiya nöqteyi-nəzərindən çox vacib ölkələrdir", - deyə Nazlı bildirib.

Analitikin sözlərinə əsasən, Azərbaycan və Türkmənistan arasında fikir ayrılıqları dərinləşərsə, Transxəzər layihəsinin həyata keçirilməsi dayandırılacaq. "Bu isə Türkiyə və Aİ-nin maraqlarına ziddir", - deyə Nazlı bildirib.  

Xəbər lenti

Xəbər lenti