Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir E.İsmayılov /
SOCAR Energy Georgia (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi) bu ilin yanvar-iyulunda Gürcüstan bazarında təxminən 398 milyon kubmetr sosial qaz realizə edib. Bu barədə çərşənbə günü şirkətdəki mənbə dən bildirilib. Sosial qaz adı altında əhali üçün nəzərdə tutulmuş və elektrik enerjisinin generasiyasına lazım olan qaz (60 faizi əhaliyə, qalanı elektrik enerjisinin generasiyasına) nəzərdə tutulur.
Gürcüstanda sosial qazın mənbəyi ARDNŞ-nin öz qazıdır. Bu qaz "Şahdəniz" yatağında çıxarılan Azərbaycan qazının "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri ilə nəqlindən Gürcüstanın payına düşən həcmdir. Bununla yanaşı, burada Rusiya qazının Ermənistana tranzitindən Gürcüstanın payına düşən hissə də nəzərə alınır. Bütün bu proseslərə SOCAR Energy Georgia şirkəti operatorluq edir.
Mənbənin sözlərinə görə, yanvar-iyulda "Şahdəniz" yatağından çıxarılan Azərbaycan qazının nəqli çərçivəsində gürcü bazarında 205 milyon kubmetr qaz satılıb. Bu dövr ərzində Gürcüstanda ARDNŞ-nin özünün 142 milyon kubmetr qazı satılıb. Bununla yanaşı, yanvar-iyulda gürcü bazarına rus qazının tranzitində təxminən 51 milyon kubmetr qaz daxil olub.
"İyulda gürcü bazarında ARDNŞ-nin yeddi milyon kubmetr öz qazı, 205 milyon kubmetr "Şahdəniz" yatağından çıxan qaz realizə edilib. Bu ay ərzində rus qazının tranziti həyata keçirilməyib (yay mövsümündə o, bazarda realizə edilmir)", - mənbədən bildirilib.
"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz. Yataqda qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb. Yatağın işlənməsi üzrə birinci mərhələ çərçivəsində ildə 9 mlrd. kubmetr qazın hasil edilməsi nəzərdə tutulub.
Proqnozlara əsasən, 2009-cu ildə Gürcüstan bazarında planlaşdırılan 1,05 milyard kubmetrin əvəzinə təxminən 850 milyon kubmetr sosial qaz realizə ediləcək.
Qaz realizəsi tempinin azalması iqtisadi böhranın təsiri ilə, həmçinin Gürcüstan ərazisindəki anomal təbiət şəraiti ilə bağlıdır.
SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distribusiya və marketinqlə məşğuldur. Şirkət bazarda əsasən neft məhsulları və qaz satır. SOCAR Georgia-nın həmtəsisçiləri: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvilidir - 16,3 faiz.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]