...

"Azərikimya"nin stabil fəaliyyəti davam edir

Energetika Materials 12 Avqust 2009 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust/ Trend /

Dünyanın 30-dan artıq ölkəsinə məhsul ixrac edən "Azərikimya" Dövlət Şirkəti iqtisadi böhran şəraitində belə dövlətin böyük diqqət və qayğısı sayəsində insan amilini ön plana çəkərək, istehsalat uğurlarını davam etdirmək, daim ölkə iqtisadiyyatının inkişafına xidmət etmək əzmilə çalışan 7500 kimyaçının iş yerlərinin qorunub-saxlanmasına nail ola bilmişdir.

Bir çox inkişaf etmiş ölkələrin belə ən iri və nüfuzlu şirkət və müəssisələrinin istehsalat fəaliyyətinə ciddi təsir göstərmiş iqtisadi və maliyyə böhranı fonunda respublikamızın aparıcı sənaye sahələrinin, o cümlədən kimya və neft-kimya sənayesinin sabit göstəricilərlə fəaliyyətini davam etdirməsi bütünlükdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün düzgün strategiya müəyyənləşdirildiyini bir daha aydın şəkildə təsdiq edir.

Ötən ili yüksək istehsalat göstəriciləri ilə başa vuraraq, əmtəəlik məhsul istehsalının 35,2% artımına (Etilen-polietilen və "Sintezkauçuk" zavodlarında bu göstərici hətta 41%-i də ötmüşdür) nail olmuş Azərbaycan kimyaçıları bu il də işin yüksək səmərəliliyini təmin etmək məqsədilə potensial imkanlardan maksimum istifadə etmək əzmindədirlər. Müxtəlif çeşidli kimya məhsulları üzrə geniş ixrac potensialına malik olan kimya müəssisələrində xaricə göndərilən məhsulların istehsal həcminin artırılması istiqamətində görülən tədbirlər də bu məqsədə xidmət edir.  

Dünya iqtisadiyyatının bir çox sahələrinə ağır təsir göstərmiş maliyyə böhranı fonunda ölkə iqtisadiyyatında, həmçinin onun aparıcı sahələrindən olan kimya və neft-kimya sənayesində uğurlu göstəricilərin əldə olunmasında, heç şübhəsiz ki, dövlətin hələ çox irəlicədən həyata keçirdiyi vacib antiböhran tədbirlərinin mühüm rolu olmuşdur. 

Xüsusilə diqqətəlayiqdir ki, dünya iqtisadi böhranı şəraitində "Azərikimya" Dövlət Şirkəti ən vacib göstərici üzrə - 7500-ə yaxın kimyaçının iş yerinin qorunub-saxlanması, onların işlə təmin edilməsi üzrə də stabilliyə nail ola bilmişdir.

Kimya və neft-kimya məhsullarının istehsalı üçün mühüm olan enerjidaşıyıcılarla və müvafiq xammalla təchizatda dövlətin daim diqqət və qayğısını hiss edən kimyaçılar öz fəaliyyətlərini daha da gücləndirərək, 2009-cu ili də uğurla başa vurmaq əzmindədirlər.

Hazırda dünyanın 30-dan artıq ölkəsinə, o cümlədən Rusiya, Ukrayna, Türkiyə, Yunanıstan, Hollandiya, Latviya, Gürcüstan və digər ölkələrə məhsul ixrac edən Şirkətin kollektivi sabaha daha böyük inamla baxır, yaxın zamanlarda inşasına başlanılacaq yeni neft-kimya kompleksinin işə başlaması ilə Azərbaycanın kimya və neft-kimya sənayesinin dünya bazarına daha geniş çeşiddə və daha böyük həcmdə, həm də bütün beynəlxalq standartlara cavab verə biləcək məhsullar çıxaracağına böyük ümidlər bəsləyirlər.

Xəbər lenti

Xəbər lenti