...

"Azərikimya"da texnoloji qurğularin səmərəliliyi artirilir, ekoloji şərait yaxşilaşdirilir

Energetika Materials 8 Sentyabr 2009 11:32 (UTC +04:00)
"Azərikimya"da  texnoloji qurğularin səmərəliliyi artirilir, ekoloji şərait yaxşilaşdirilir

Şirkətin müəssisələrində son vaxtlar texnoloji qurğuların səmərəliliyinin yüksəldilməsi ilə xammal vahidindən məhsul çıxımının artırılması, ekoloji cəhətdən zərərli maddələrin yenidən texnoloji prosesə qaytarılması ilə ətraf mühitin sağlamlaşdırılması sahəsində mühüm uğurlar əldə edilib.

 Mövcud qurğu və avadanlıqların səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər sayəsində son dövrlərdə Şirkətin müəssisələrində xammallardan və enerjidaşıyıcılarındapn maksimum fayda ilə istifadəyə, yararsız istehsalat tullantılarının həcminin xeyli azaldılmasına, bununla da ekoloji şəraitin daha da yaxşılaşdırılmasına nail olunub.

"Azərikimya" Dövlət Şirkəti İstehsalat İdarəsinin rəisi Firəddin AXUNDOV bu barədə agentliyimizin müxbirinə geniş məlumat verib:

- Bütün dünyada ən mütərəqqi texnologiyaların, müasir avadanlıqların tətbiq olunduğu indiki dövrdə mövcud texnoloji avadanlıqda sabahın daha yüksək tələblərinə, yeniləşən dünya standartlarına cavab verə bilən, həm də ən müxtəlif çeşiddə kimyəvi məhsullar istehsal edərək, ixrac potensialını daha da artırmaq ilk növbədə şirkətin zəngin istehsalat təcrübəsi olan mühəndis-texnik korpusundan böyük səy və əzmkarlıq, işə texniki yaradıcılıqla yanaşmağı, yeniliklər tətbiq etməyi tələb edir.

Şirkətin müəssisələrində istehsalın stabilliyini, qurğuların təhlükəsiz və ekoloji cəhətdən normal istismarını təmin etmək məqsədilə son vaxtlarda bir çox vacib texniki tədbirlər, o cümlədən ixtiraçılar və səmərələşdiricilər tərəfindən təklif olunan yeniliklər həyata keçirilir. Görülən tədbirlər öz səmərəsini verməkdədir.

Bu baxımdan "Sintezkauçuk" zavodunun texniki izopropil spirti - TİS sexində aparılmış texniki yeniliklər xüsusilə diqqətəlayiqdir. Belə ki, burada iş prosesi zamanı müəyyən səbəblərdən texnoloji avadanlıq vaxtından tez sıradan çıxırdı ki, bu da müəyyən məhsul itkisi ilə nəticələnirdi. Şirkətin mütəxəssisləri bunun səbəbini araşdıraraq, texnoloji prosesdə alınan işlənmiş aşağı qatılıqlı sulfat turşusunun soyudulması məqsədi ilə texnoloji sxemə layihə üzrə əvvəlcədən nəzərdə tutulmamış yeni bir soyuducu qoşmaq qərarına gəlmişlər. Nəticə uğurlu olmuşdur - texnoloji qurğuda boşdayanmaların qarşısı alınmış, onun fasiləsiz işləməsi təmin edilmiş və məhsul itkisi aradan qaldırılmışdır. Eyni zamanda, ətraf mühitə atılan qaz tullantıları təkrar istehsala qaytarılmış, əlavə məhsul çıxımına nail olunmuşdur.

Həmin sexin vakuum-buxarlandırma qurğusunda aparılmış texniki dəyişiklik nəticəsində isə işlənmış sulfat turşusunun qatılığı yüksək həddə - 65%-ə çatdırılmışdır ki, bununla da son məhsulun alınması üçün sulfat turşusunun sərf norması, eyni zamanda məhsulun maya dəyəri aşağı salınmışdır.

Şirkətin və həmin zavodun mütəxəssislərinin birgə texniki yaradıcılıq axtarışlarının nəticəsi olaraq mütləqləşdirilmiş izopropil spirti - MİPS sexində texnoloji sxemin təkmilləşdirilməsi məqsədilə ona yeni rektifikasiya kalonu qoşulmuşdur. Bu isə dünya bazarına çıxarılan qiymətli əmtəəlik məhsulun aromatik xassələrini yaxşılaşdırmış, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsul istehsalına səbəb olmuşdur.

"Üzvi sintez" zavodunun poliefir sexində əvvəllər atmosferə atılan etilen oksidi və propilen oksidi buxarlarının tutularaq çox qiymətli olan etilenqlikol və propilenqlikol qarışığına çevrilməsi, zavodun ərazisində isə yağların regenerasiyası qurğularının istifadəyə verilməsi məhsul istehsalının və onun keyfiyyətinin artımına öz müsbət təsirini göstərmişdir. 

Şirkətin iri müəssisələrindən olan Səthi aktiv maddələr - SAM zavodunda kaustik soda istehsalında qiymətli xammal kimi istifadə olunan civənin itkisinin qarşısının alınması üçün də konkret tədbirlər həyata keçirilmişdir. Müəssisənin ərazisində illərlə yığılıb qalmış, tərkibində civə olan çirklənmiş torpaqdan civənin ayrılması və fiziki-kimyəvi üsulla təmizləndikdən sonra yenidən texnoloji prosesə qaytarılması həm xeyli miqdarda civənin təkrarən prosesə qaytarılması ilə məhsuldarlığın artması, həm də ekologiyanın yaxşılaşdırılması baxımından xüsusilə əhəmiyyətli olmuşdur. Diqqətəlayiqdir ki, bu proses müəssisənin öz daxili imkanları hesabına həyata keçirilmişdir və artıq bir-neçə ildir ki uğurla davam etdirilir. Son dövrlər ərzində bu üsulla 20 tona yaxın civə yenidən elektroliz prosesinə qaytarılmışdır. 

Civə ilə çirklənmiş axıntı sularının xüsusi qapalı sisteminin yaradılması isə ümumi zavod kanalizasiyasına civə və civə birləşmələrinin düşməsinin qarşısını birdəfəlik olaraq almışdır. Hazırda bu cür çirklənmiş bütün sular istehsalatda duz məhlulunun hazırlanmasında istifadə edilir.

Etilen-polietilen zavodunda da məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, xammal və materiallardan qənaətlə istifadə edilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Etilen istehsalatında sərf normasının aşağı salınması və qurğunun iqtisadi göstəricilərinin yaxşılaşdırılması məqsədilə əsas avadanlıqlarından olan piroliz sobalarına verilən qidalandırıcı suyun hazırlanması şöbəsində yenidənqurma işləri aparılmışdır. Nəticədə yüksək temperatur rejimində işləyən sobaların tablaşdırıcı aparatlarının tez-tez sıradan çıxmasının qarşısı alınmış, sobaların istismar müddəti artmışdır.

Digər bir səmərələşdirmə təklifi üzrə reaktorların katalizatorlarının dəyişdirilməsi sayəsində etilenin tərkibindəki kənar qarışıqların miqdarı azaldılmış, xammal itkisi minimuma endirilmişdir.    

Müəssisələrimizdə istehsal həcminin artırılması, alınan məhsulların keyfiyyətinin durmadan yüksəldilməsi ilə yanaşı ekologiyanın yaxşılaşdırılması, ətraf mühitin - atmosferin və biosferin qorunması məsələlərinə də ciddi fikir verilir.    

"Üzvi sintez" zavodunun propilen oksidi istehsalatında yaranan abqazların skrubberlər vasitəsi ilə tutularaq zərərsizləşdirilməsi, propilenxlorhidrin yarımfabrikatının neytrallaşdırılması məqsədilə daha məhsuldar neytrallaşdırıcının, propilen oksidinin dəmiryol çənlərinə doldurulması sahəsində çənlərin nəfəsliklərindən çıxan propilen oksidi buxarlarının tutulması qurğularının quraşdırılması ətraf mühitin çirklənməsinin və aparatların aşınmasının qarşısını xeyli dərəcədə almışdır. 

Əhəng südü sexində sobalardan çıxan qazların tərkibində olan tozların tutulması üçün sistemə qoşulmuş siklonların, transformator yağlarının qurudulması üçün nəzərdə tutulmuş yeni qurğunun sayəsində həmin ərazidə ətraf mühitin təmizliyi artırılmışdır.  

Kimyaçılarımız ekoloji təmizliyin və sağlamlığın saxlanıb-qorunmasında müstəsna əhəmiyyətə malik olan yaşıllıqların salınmasına və onların artırılmasına da son illər xüsusi diqqət yetirirlər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram"da nəzərdə tutulduğu kimi, sürüşmə ehtimalı olan zonalarda torpaqların erroziyasının qarşısının alınması üçün meşə zolaqlarının, yaşıllıqların salınmasının vacibliyi nəzərə alınaraq, kimya müəssisələrinin daxili və ətraf ərazilərində bu baxımdan geniş miqyaslı işlər görülmüşdür və bu iş artıq daimi xarakter almışdır. Bu günədək zavoddaxili və zavodlarətrafı 22 hektar ərazidə 42 mindən artıq müxtəlif ağac əkilmiş, onların vaxtaşırı suvarılması üçün həmin ərazilərə ümumi uzunluğu 16680 m olan su xətti çəkilmişdir.

Bir sözlə, son illər Şirkət və onun müəssisələrində istehsalatın genişləndirilməsi, məhsulların həcminin və keyfiyyətinin artırılması ilə yanaşı ekologiya məsələlərinin də diqqət mərkəzində olması kimyaçılarımızın bugünkü və sabahkı uğurlarının, əmək nailiyyətlərinin əsasını təşkil edir.

Xəbər lenti

Xəbər lenti