Azərbaycan, Bakı, 6 oktyabr / Trend /
"Abşeron" perspektivli dəniz qaz-kondensat strukturunun işlənməsi layihəsinin iştirakçısı olan GDF SUEZ Exploration Caspian şirkəti mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair memaranduma qoşulmaq haqda akt imzalayıb, çərşənbə axşamı Azərbaycan Dövlət Neft Fondunun yaydığı məlumatda deyilir. Bu aktı imzalamaqla şirkət memaranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on birinci hesabat dövrü (2009-cu ilin birinci yarısı) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.
GDF SUEZ Exploration Caspian şirkətinin təşəbbüsə qoşulması ilə memarandum imzalayan neft-qaz şirkətlərinin sayı 27-yə çatıb. Memarandum 2004-cü il noyabrın 24-də Azərbaycanda 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan memaranduma daha beş şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NİCO və Apsheron Investments Ltd şirkətləri qoşulub.
"Abşeron" layihəsinin iştirakçları bunlardır: ARDNŞ - 40 faiz, Fransanın Total şirkəti - 40 faiz və Gaz De France Suez şirkəti - 20 faiz. "Abşeron" strukturuna dair layihə 27 fevral 2009-cu ildə ARDNŞ və Total şirkətləri arasında bağlanıb. Bundan sonra Total şirkəti müqavilədəki iştirak payının 20 faizni Gaz De France Suez şirkətinə satıb. Son zamanlarda bu, Azərbaycanda bağlanan ən iri müqavilədir. Bir axtarış quyusunun dəyəri 100 milyon dollardır.