Azərbaycan, Bakı, 29 oktyabr /Trend Сapital/
Yunanıstanın alternativ və bərpa edilən enerji mənbələrinin istifadə edilməsi üzrə Milli Agentliyinin beynəlxalq departamentinin rəhbəri Bakıya gələcək, bu barədə Yunanıstanın Azərbaycandakı səfiri Toanis Metaksas Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovla görüşündə bildirib.
Səfər çərçivəsində Yunanıstan tərəfi Azərbaycan Energetika Nazirliyindən bu sahədə pilot layihələrinin həyata keçirilməsinə dair razılıq əldə edilməsı məsələsində dəstək gözləyir.
Metaksas deyib ki,Yunanıstan alternativ və bərpa edilən enerji mənbələrinin istifadəsi sahəsində Azərbaycanla təcrübə mübadiləsinə hazırdır. Yunanıstanda Qaradəniz İqtisadi Əməkdaşlığı Təşkilatı çərçivəsində Yunanıstan İnkişaf Agentliyi fəaliyyyət göstərməyə başlayıb, həmçinin ölkədə alternativ və bərpa edilən enerji mənbələrinin istifadəsi üzrə Milli Agentlik də fəaliyyət göstərir. Metaksasın sözlərinə görə, Azərbaycanla bu iki qurum arasındakı əməkdaşlıq müvəffəqiyyətli olacaq.
"Yunanıstan tərəfi Azərbaycan-Yunanıstan hökümətlərarası komissiyanın növbəti iclasının 2010-cu ilin mayında keçirilməsini təklif edib", - Metaksas görüşdə qeyd edib.
Metaksasın sözlərinə görə, Yunanıstan xaricdə bir sıra investisiya layihələri həyata keçirir və bu layihələrdə investisiyanın həcmi 20 milyard dolları keçir. Azərbaycanda investisiya layihələri barədə danışarkən Metaksas hər iki ölkə arasında sahibkarlıq əlaqələrinin inkişafının vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Yunanıstan konsaltinq şirkətlərinin Azərbaycanla daha sıx əməkdaşlıq etməsi üçün böyük imkanlar vardır.