Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir E.İsmayılov/
BP şirkəti və Qafqaz Universiteti qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar ki, bu da universitetə kimya, neft-qaz və mexaniki mühəndislik sahəsini əhatə etməyə imkan verir. Memorandum BP Azerbaijan şirkətinin rəhbəri Rəşid Cavanşir və Qafqaz Universitetinin rektoru Əhməd Sanıç arasında imzalanıb. İki tərəf arasındakı əməkdaşlıq yeni üç fakültənin açılmasını şərtləndirir.
Layihə üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə kimya-mühəndis fakültəsi yaradılacaq, və layihənin birinci mərhələsinin həyata keçirilməsi sürətindən asılı olaraq ikinci mərhələnin həyata keçirilməsinə başlanılacaq. Sonrakı mərhələlərdə isə müvafiq olaraq neft-qaz və mexaniki mühəndislik fakültələri açılacaq.
Cavanşirin imzalama mərasimində dediyi kimi, layihənin vacibiliyi ondan ibarətdir ki, azərbaycanlı tələbələr, o cümlədən Xəzər regionunun digər gəncləri Azərbaycanda beynəlxalq standartlara uyğun təhsil ala biləcəklər.
Qarşılıqlı anlaşma haqqında memoranduma əsasən, BP şirkəti yeni fakültələrin yaradılmasına görə lazım olan laborator materialların əldə edilməsi üçün vəsaitlər ayıracaq. Şirkət həmçinin beynəlxalq akkreditasiya almaq üçün vəsait ayıracaq. Bundan əlavə, BP yeni fakültələrin tələbə-məzunlarına digər vətəndaşlarla yanaşı, praktik proqramlarda və işə düzəlməyə dair proqramlarda iştirak etməyə, birgə təqaüd proqramı üzrə Qafqaz Universiteti ilə əməkdaşlıq etməyə dəvət edib. Həmçinin şirkət işçiləri tərəfindən tələbələrin inteqrasiyası üçün konfrans və seminarlar keçiriləcək, BP şirkətinin müxtəlif laboratoriyalarına giriş üçün onlara icazə veriləcək.
Layihənin həyata keçirilməsinə nəzarəti BP və universitet rəhbərliyinin eyni səviyyədə təşkil olunmuş idarəsi həyata keçirəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]