...

Avropa Azərbaycan qazının bir hissəsini itirə bilər - Trend Capital-ın icmalçısı

Energetika Materials 9 Yanvar 2010 12:42 (UTC +04:00)
2010-cu ildə Azərbaycanda 28 milyard kubmetrdən artıq qaz hasil ediləcək, respublika ixrac üçün yanacağın artıq həcminə malik olacaq. Türkiyə və Gürcüstan kimi qazın ənənəvi satış bazarları ilə yanaşı, Azərbaycan bu il yeni bazarlara - Rusiya və İrana qaz tədarükünə başlayır.
Avropa Azərbaycan qazının bir hissəsini itirə bilər - Trend Capital-ın icmalçısı

Azərbaycan, Bakı, 09 yanvar / Trend /

Seymur Əliyev, Trend agentliyinin direktor müavini

2010-cu ildə Azərbaycanda 28 milyard kubmetrdən artıq qaz hasil ediləcək, respublika ixrac üçün yanacağın artıq həcminə malik olacaq. Türkiyə və Gürcüstan kimi qazın ənənəvi satış bazarları ilə yanaşı, Azərbaycan bu il yeni bazarlara - Rusiya və İrana qaz tədarükünə başlayır.

Gələn həftə Azərbaycan və İran arasında Azərbaycan qazının bu ölkəyə ixracına dair beşillik müqavilənin imzalanması planlaşdırılır. Bununla yanaşı, İran tərəfinin nümayəndələri bildiriblər ki, İran ildə 5 milyard kubmetrədək Azərbaycan qazı əldə etməyə hazırdır. bp-nin məlumatlarına əsasən, 2008-ci ildə İranda qaz hasilatı 116,3 milyard kubmetr təşkil edib. Azərbaycan qazının tədarükü əsas qaz yataqlarından məhrum olan ölkənin şimal regionuna həyata keçiriləcək.

2010-cu ildə Azərbaycan Rusiyaya 1,1 milyard kubmetr qaz nəql edir. Bu həcm əvvəl səsləndirilən rəqəmdən 2 dəfə artıqdır. Belə ki, əvvəllər bu həcm 500 milyon kubmetr səviyyəsində proqnozlaşdırılmışdı. Bu qaz Rusiyanın cənub regionlarını qazla təmin etmək üçün göndəriləcək.

Azərbaycan qazının Rusiyaya tədarükünün artırılması, həmçinin İrana qaz tədarükünə başlanması ilk növbədə, Azərbaycana enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində əsas ölkə kimi baxan Türkiyə və Avropa İttifaqındakı prosesləri aktivləşdirməlidir.

Uzun zamandır ki, Azərbaycan və Türkiyə arasında Aİ-yə qaz ixracı üçün zəruri olan tranzit sazişinin bağlanması üzrə danışıqlar davam edir. Lakin artıq danışıqların 10-dan çox raundunun keçirilməsinə baxmayaraq, praktiki olaraq heç bir nəticə əldə edilməyib.

Atrıq qaz həcminin mövcudluğu Azərbaycana Rusiya və İran kimi yeni satış bazarlarına daxil olmağa imkan verir. Lakin Türkiyə ilə tranzit müqaviləsinin olmaması Azərbaycan qazının Avropaya nəqlində çətinlik yaradır. Türkiyə ilə danışıqlardan konkret nəticələrin əldə olunmamasına görə Azərbaycanda Avropaya qaz tədarükünün alternativ marşrutları məsələsi tez-tez qaldırılır. Məsələn, Azərbaycan qazının Gürcüstanın Kulevi terminalından sıxılmış variantda Qara dənizdən keçməklə Avropa ölkələrinə nəqli yolları nəzərdən keçirilir.

Bundan əlavə, Azərbaycan qazının dünyanın ən geniş inkişaf edən bazarlarından olan Çinə mümkün ixracı məsələsi qaldırılıb. Bu layihənin gerçəkləşdirilməsi Qazaxıstan-Çin boru kəmərinə qoşulmaq hesabına mümkün ola bilər. Çində qaz tələbatı ötən əsrin 90-cı illərində qəflətən artıb. 1995-ci ildə qaza olan tələbat cəmi 17,7 milyard kubmetr təşkil edib. bp-nin məlumatına görə, 2009-cu ilin əvvəllərində ölkədə qaza olan tələbat artıq 80,7 milyard kubmetr təşkil edib ki, bu da 2007-ci ildə istehlak olunmuş qazdan 15,8 faiz çoxdur. Çində qaz tələbatı bütün dünyada olan tələbatın 2,7 faizini təşkil edir.

Beləliklə, Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə nəqli üçün tranzit müqaviləsi məsələsinin həllinin uzadılması yalnız həmin qazın Avropaya alternatıv marşrutlarını deyil, həmçinin digər ixrac istiqamətlərinin cəlb edilməsini artırır. Xəzər qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub dəhlizi" boru kəməri marşrutuna daxil olanlar bu məsələdə böyük rol oynayır.

Konkret qərarların və Xəzər regionundan qaz tədarükü layihələrinin gerçəkləşdirilməsi üzrə fəaliyyətin olmaması tədarükçülərin yeni satış bazarı axtarmasına gətirib çıxarır.

Azərbaycana gəlincə, əgər Azərbaycan qazının ixracının başlanması 2014-cü ildən sonra istismara veriləcək "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə söykənirdisə, hazırda Azərbaycan artıq qaz ixracı həcminə malikdir.

Türkiyə vasitəsilə qaz tranziti məsələsinin həll edilməməsi və yeni ixrac boru kəmərinin yaradılması üzrə konkret fəaliyyətin olmaması ona gətirib çıxarır ki, Xəzərin Avropaya ixrac üçün nəzərdə tutulan qaz həcminin hamısı olmasa da, bir hissəsi hazırda qazı qəbul edəcək və qazın dəyərinin ödənilməsini yerinə yetirə bilən digər bazarlara istiqamətlənəcək.

Arayış:

Nabukko

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir.

Azərbaycan-Rusiya

Azərbaycan illik buraxılış qabiliyyəti 5 milyard kubmetrədək olan Mozdok-Qazıməhəmməd qaz kəməri vasitəsilə Rusiyaya qaz ixrac edir. 2007-ci ilədək bu qaz kəməri vasitəsilə Azərbaycan 4,5 milyard kubmetrədək qaz idxal edib. Lakin sonradan Azərbaycan Rusiya qazının idxalından imtina edib. Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə oktyabrın 14-də Bakıda imzalanıb. Müqavilə ARDNŞ ilə "Qazprom" şirkəti arasında imzalanıb, 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə uyğun olaraq, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə tədarük həcminin həddi göstərilməyib. ARDNŞ yarım il əvvəlcədən tədarük edə biləcəyi həcm barədə qarşı tərəfi xəbərdar edəcək.

Azərbaycan-İran

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr olan, 296,5 kilometri Azərbaycan ərazisində yerləşən "Qazı Məhəmməd-Bind-Biand" qaz kəməri əlaqələndirir. Bu boru kəmərinin layihə üzrə ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Onun istiqamətində üç kompressor stansiyası - Qazı Məhəmməd, Ağdaş və Qazax stansiyaları tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqi gücündə nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 millimetridir. İnfrastrukturun modernləşdirilmıəsi İrana sutkada 5 milyon kebmetrədək Azərbaycan qazı tədarük etməyə imkan verəcək (ildə 1,8 milyard kubmetr). Hazırda infrastruktur 500 milyon kubmetrə yaxın qaz tədarük etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti