...

ARDNŞ Gürcüstana stabil həcmdə qaz ixrac edir

Energetika Materials 3 Mart 2010 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.İsmayılov/

Hazırda ARDNŞ Gürcüstana sutkada təxminən iki milyon kub metr qaz ixrac edir. Bu barədə çərşənbə günü neft-qaz sahəsindəki mənbə məlumat verib. Fevralın 18-nə olan məlumata əsasən, bu göstərici iki milyon kubmetri ötüb.

"Hazırda Gürcüstana təxminən iki milyon kubmetr qaz ixrac olunur", - mənbə deyib.

ARDNŞ Gürcüstana qaz tədarükünü Azərbaycanın Qazax rayonunda iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirir. Bu boru kəməri vasitəsilə qazın vurulma gücü ildə 3 milyard kubmetrə yaxın təşkil edir.

2008-ci ilin noyabr ayında Azərbaycan və Gürcüstan arasında ARDNŞ-nin 2009-cu ildən başlayaraq növbəti 5 il ərzində Gürcüstan bazarında fəaliyyətini aktivləşdirmək imkanı yaradan saziş imzalanıb. Memaronduma əsasən, ARDNŞ layihənin reallaşması üçün SOCAR Georgia Gas törəmə müəssisəni yaradıb.

Həmçinin 2008-ci il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şido və Kvemo-Kartli, Acarıstan, Quriya, İmereti, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar edilib.2009-cu ilin aprelində ARDNŞ azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun qazbölüşdürücü şəbəkəsini istifadəyə götürüb.

SOCAR Energy Georgia-dakı mənbə daha əvvəllər bldirmişdi ki, 2009-cu ildə ARDNŞ Gürcüstan bazarına ümumilikdə 302 milyon kubmetr sosial qaz və 140 milyon kubmetrə yaxın kommersiya qazı verib.

Xəbər lenti

Xəbər lenti